Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əhalisinə vurulmuş sosial-psixoloji və iqtisadi ziyan

Təkcə münaqişənin qızışdığı 1988-1989-cu illərdə Ermənistan Respublikasının 22 rayonundan 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalmış 410 azərbaycanlı, o cümlədən, 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif bədən xəsarəti almış, onların yaşayış evləri və əmlakları qarət olunmuşdur. Nəticədə, Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunmuşdur.

Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onları arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər 1000 nəfərə görə) rayonların hamısında 11, 2 - 22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşmüşdür. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olmuşdur.

İşğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri: sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının yaşayış şəraitinin, düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu,düşmələri və s.

Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklərdir. Azərbaycan Respublikası Qaçqınlar Komitəsinin verdiyi məlumata görə 1999-cu ildə 301359 nəfər və əmək qabiliyyətli qaçqın və məcburi köçkün olmuşdur, onların 196380 nəfəri yaxud ümumi əmək ehtiyatlarının 65,2% -i işsizdir.

Məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə, uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışlar (1999).

Heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı təhlükə altında qalır.

Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq nəfər qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə) aşağı düşdü.

BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası