Təhsil

XXI əsrdə təhsil insan fəaliyyətinin ən mühüm sahələrindən birinə çevrilir. Bu sahədə əldə olunmuş nailiyyətlər mühüm sosial və texnoloji dəyişikliklərin bünövrəsində durur. Bütün ölkələrdə, o cümlədən müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına xüsusi diqqət yetirilməsi, onun strateji əhəmiyyət daşıyan bir sahə kimi götürülməsi də təhsilin cəmiyyətin həyatında oynadığı rol ilə, ölkə əhalisinin böyük bir hissəsinin mənafeyi ilə bilavasitə sıx bağlılığı ilə əlaqədardır. 

Məhz buna görə də müstəqillik qazandığı gündən ölkəmizdə təhsil sahəsində islahatları qlobal xarakter daşıyır və onun bütün aspektlərini əhatə edir. Təhsil sahəsində gedən islahatların strateji istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Təhsil sahəsində islahat proqramı” təsdiq olunmuşdur. 
 
Təhsil sahəsində nailiyyətlərin əldə edilməsi və Azərbaycan Respublikasının təhsil sisteminin beynəlxalq təhsil məkanına daxil olması üçün beynəlxalq əlaqələri və qarşılıqlı əməkdaşlığı gücləndirmək lazımdır. Azərbaycan Respublikasının beynəlxalq sahədə aktiv fəaliyyətinin nəticəsi olaraq Azərbaycan BMT-nin Avropa (21 dekabr 1979-cu il Paris Konvensiyası) və Asiya Sakit okean (16 dekabr 1983-cü il Bankok Konvensiyası) regionları üzrə Ali təhsil sahəsində elmlərin, diplomların və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında konvensiyalarına, eləcə də YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı Avropa regionu üzrə ali təhsil sahəsində ixtisasların qarşılıqlı tanınması haqqında 11 aprel 1997-ci il tarixli Lissabon Konvensiyasına qoşulmuşdur. 
2006-cı il oktyabrın 2-də isə Azərbaycan Respublikası “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” 1960-cı il 14 dekabr tarixli Konvensiyaya, eləcə də “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” 1962-ci il 10 dekabr tarixli Protokola qoşulmuşdur.
Artıq Azərbaycan təhsil sisteminin nümayəndələri BMT-nin Təhsil, elm, mədəniyyət təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNİCEF),  İslam ölkələri Təhsil, elm və mədəniyyət təşkilatı (İSESCO), Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir, onların təcrübə və köməyindən maksimum dərəcədə istifadə edirlər.
 
Ümumiyyətlə, Azərbaycan Respublikası müxtəlif vaxtlarda təhsil sahəsində aşağıdakı beynəlxalq və regional layihə və proqramların iştirakçısı olmuşdur:
- “MDB ölkələri ilə ABŞ-ın qardaşlaşmış məktəbləri” layihəsi. Bu layihə çərçivəsində Bakı şəhərinin 5 məktəbindən 25 şagird və müəllim bir ay müddətində ABŞ ümumtəhsil məktəblərinin, bir o qədər sayda Amerika məktəblisi və müəllimi isə azərbaycanlı həmkarların qonağı olublar.
- Avropa Təhsil Fondunun Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Azərbaycanda peşə təhsilinin inkişafı” sahəsində birgə layihəsi. Layihənin əsas məqsədi Azərbaycanda texniki-peşə təhsilinin yenidən qurulmasıdır.
- “Azərbaycanda təhsil müəssisələrində ingilis dilinin tədris metodikasının təkmilləşdirilməsi” üzrə Böyük Britaniya ilə birgə proqram. Proqram çərçivəsində Bakıda və regionlarda ingilis dilinin tədrisi və metodikasına həsr olunmuş seminarlar keçirilir, Azərbaycan müəllimləri mütəmadi olaraq Böyük Britaniyaya təkmilləşdirmə və ixtisasartırma kurslarına göndərilir, ingilis dili proqramlarının və dərsliklərinin hazırlanmasında ekspert yardımı göstərilir. 
- “Azərbaycanda, Gürcüstanda və Ermənistanda ali təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik” sahəsində Avropa Şurası Təhsil Departamenti ilə birgə layihə. Layihənin əsas məqsədi Azərbaycanda təhsilin keyfiyyətinin təmin edilməsi üzrə beynəlxalq standartlara uyğun olan mexanizmlərin yaradılmasına yardım göstərməkdir. 
- Avropa Şurasının “Tbilisi təşəbbüsü” birgə regional layihəsi. Bu layihə Avropa ümumtəhsil məktəblərinin 15-16 yaşlı şagirdləri üçün “Qafqaz xalqlarının tarixi” adlı dərs vəsaitinin hazırlanmasını nəzərdə tutur. 
- Avropa Şurası ilə “Demokratik vətəndaşlıq üzrə təhsil” mövzusunda birgə regional layihə. Layihənin əsas məqsədi Azərbaycana Avropa Şurası tərəfindən vətəndaşlıq sahəsində “İnsan və cəmiyyət” fənni üzrə müasir beynəlxalq standartlara cavab verən yeni tədris proqramlarının, dərsliklərinin, dərs vəsaitlərinin və digər materialların hazırlanmasında yardım göstərməkdir. 
- Avropa Şurası ilə “Milli azlıqların təhsili sahəsində siyasət” birgə layihəsi. Layihənin məqsədi Azərbaycanda yaşayan milli azlıqların təhsili siyasəti sahəsində tövsiyələrin təqdim edilməsidir. 
- Avropa İttifaqının TEMPUS/TASİS beynəlxalq layihəsi Azərbaycanın ali təhsil müəssisələrində maliyyə-texniki yardımının göstərilməsini nəzərdə tutur. 
- ABŞ-ın Montana Dövlət Universiteti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Azərbaycan təhsil sistemində demokratiyanın əsasları və vətəndaşlığın tədrisi sahəsində yüksək hazırlıqlı kadrların, tədris proqramlarının və dərs vəsaitlərinin hazırlanması üzrə birgə layihə. 
- Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar haqqında” sərəncamına əsasən Dünya Bankının ekspertləri ilə birlikdə “İslahat proqramı” hazırlanmışdır. Həmin proqramın həyata keçirilməsi üçün Dünya Bankı 5 mln. ABŞ dolları məbləğində kredit ayırmışdır. 
- ABŞ-ın AKSELLS (ACCELS) qeyri-hökümət təhsil təşkilatı ilə əməkdaşlığın nəticəsi kimi təkcə 1999-2002-ci illər ərzində FSA/FLEX, FSA-Baklavr proqramı, Edmund Maski (2 illik magistr pilləsi), Gənclərin inkişafı və Məktəblilərin tədqiqat mübadiləsi proqramları çərçivəsində 276 nəfər azərbaycanlı gənc ABŞ-ın aparıcı universitetləri və ümumtəhsil məktəblərində təhsil almağa göndərilmişdir. Proqramın həyata keçirilməsi üçün ABŞ tərəfindən 27 mln. dollar məbləğində vəsait ayrılmışdır. 
- ABŞ-ın İREX şirkəti ilə əməkdaşlıq proqramı çərçivəsində 1996-2001-ci illərdə 50 nəfərdən artıq Azərbaycan vətəndaşı bu təşkilatın təqaüdçüsü kimi təhsil almış və ya ixtisasını artırmışdır. 
- ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Harmoniya Layihəsi” Azərbaycanda 10 orta təhsil məktəbini əhatə edir və həmin məktəblərdə resurs mərkəzinin açılması, avadanlıqla təmin edilməsi və müəllimlərin ixtisasartırmasını nəzərdə tutur. 
- Almaniyanın QTZ şirkəti ilə birgə əməkdaşlıq proqramı çərçivəsində, 1999-cu ildən bu təşkilat tərəfindən Azərbaycanın Xızı, Dəvəçi və Siyəzən rayonlarında olan 44 məktəb təmir edilmiş və dörd yeni məktəb tikilmişdir. 
- Almaniya ilə Azərbaycan arasında təhsil əlaqələri Almaniya Akademik Mübadilə Xidməti-DAAD vasitəsilə həyata keçirilir. Ölkələrimiz arasında təhsil sahəsində əlaqələr yaradılandan bəri Almaniya ilə 430-dan artıq birgə proqram həyata keçirilmişdir. Bu proqramlar Almaniyada staj keçmə, təcrübə mübadiləsi, germanistika və dil kursları, elmi-tədqiqat işlərinin aparılması, magistr pilləsində təhsil və digər məsələləri əhatə edir 
- Yaponiya hökuməti ilə əməkdaşlıq proqramı çərçivəsində Beynəlxalq İnkişaf Assosiasiyası vasitəsilə Azərbaycanda ikinci təhsil islahatı layihəsinin hazırlanması məqsədilə xüsusi qrant ayrılmışdır. Həmin qrant 2002-2003-cü illəri əhatə edən yeni islahat proqramının hazırlanması, yaxın 10 il üçün Azərbaycanın təhsil strategiyasının müəyyənləşdirilməsi, təhsil prioritetlərinin seçilməsi, onların həyata keçirilməsini nəzərdə tutan tədbirlərin planlaşdırılmasına kömək edəcəkdir. 
Məlum olduğu kimi, İslam ölkələri arasında, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirən təşkilat İslam ölkələri Təhsil, elm və mədəniyyət təşkilatıdır (İSESCO) və Azərbaycanın adıçəkilən qurum ilə çox sıx əlaqələri vardır. 
Bu sahədə ən mühüm tədbirlərdən biri 2004-cü il dekabr aynının 3 - 4-də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İSESKO ilə birgə Bakıda “Qloballaşma və onun müsəlman cəmiyyətinə təsiri” mövzusunda beynəlxalq simpoziumunun keçirilməsi olmuşdur. Mövzunun davamı olaraq qeyd etmək lazımdır ki, 2005-ci il mayın 26-da Təhsil Nazirliyində İSESCO Təhsil həftəsinin açılışı baş tutmuşdur. İSESCO-nın üzvü olan 50 ölkədən məhz üçündə İSESCO Təhsil həftəsinin keçirilməsinin və Baş Direktor Əbdüləziz Bin Osman Əl Tuveycrinin ölkəmizdə Təhsil həftəsinin rəsmi açılışında iştirak etməsi Azərbaycan Respublikası və İSESCO arasında səmərəli əməkdaşlığın əyani göstəricisidir. İSESCO Təhsil həftəsi çərçivəsində İSESCO və Təhsil Nazirliyi arasında ərəbdilli müəllimlər üçün treninqlərin və Vətəndaşlıq üçün təhsil üzrə Milli seminarın təşkil edilməsi haqqında Sazişlər imzalanmışdır.
 
Ölkəmiz Avropa İttifaqının üzvü olmasa da, təşkilatın təhsil sahəsi ilə məşğul olan bölmələri və təsisatları ilə yaxından əməkdaşlıq edir. Belə ki, 2004-cü il oktyabrın 26-da «Azərbaycan Respublikası Hökuməti ilə Avropa İttifaqının keçmiş Sovet İttifaqının Yeni Müstəqil Dövlətlərindən olan alimlərlə əməkdaşlığa yardım üzrə Beynəlxalq Assosiasiyası (İNTAS) arasında elmi əməkdaşlıq haqqında» Saziş imzalanmışdır. Azərbaycandan olan alimlər İNTAS tərəfindən elan edilən maliyyə çağırışlarında fəal iştirak edir və bir sıra layihələrin Aİ tərəfindən maliyyələşməsinə nail olurlar.  
2005-ci il iyunun 1-də İNTAS tərəfindən 2005-ci il üçün Gənc alimlər təqaüdü (GAT)  proqramı üzrə növbəti çağırış elan edilmişdir. İNTAS-dan qrant almaq üçün müraciət edən yeni müstəqil dövlətlərdən olan tədqiqatçıların sayının çox və İNTAS-da maliyyə imkanlarının məhdud olması baxımından yaranmış yüksək rəqabəti nəzərə alaraq, İNTAS xüsusi olaraq, Azərbaycan, Moldova və Gürcüstan ilə birgə maliyyələşdirilən proqramın tərtib edilməsini qərara almışdır. Hal-hazırda isə İNTAS-ın Cənubi Qafqaz üzrə birgə maliyyələşdirilən regional layihəsinin həyata keçirilməsi gözlənilir. Bu birgə maliyyələşdirilən layihə 2006-cı il martın 6-da elan edilmişdir. Lakin regiondakı vəziyyəti nəzərə alaraq qeyd olunan layihə hər bir ölkə tərəfindən müəyyənləşdirilən prioritetlər əsasında ayrı-ayrı layihələrin reallaşdırılmasını nəzərdə tutur.
Avropa Şurası çərçivəsində isə təhsil sahəsində son dövrlərdə keçirilən mühüm tədbirlərdən biri də 2004-cü ilin may ayının 17-18-də Strasburqda Azərbaycan, Gürcüstan və Ermənistan Təhsil Nazirlərinin Avropa Şurasının “Azərbaycan, Ermənistan və Gürcüstanda təhsilin keyfiyyətinin təmin edilməsi” layihəsi çərçivəsində keçirilən konfrans olmuşdur. Konfransda 2005-2006-cı illər üçün üç Cənubi Qafqaz ölkəsinin Təhsil Nazirlikləri ilə Avropa Şurasının Katibliyi arasında əməkdaşlıq proqramı qəbul edilmişdir.
2005-ci ilin Avropa Şurası tərəfindən “Təhsil vasitəsi ilə Avropa Vətəndaşlıq ili” elan edilməsi təhsilin insan hüquqlarının təşviqi və müdafiəsində mühüm rol oynadığını, eləcə də demokratik cəmiyyətdə fəal iştirakı önə çəkmək məqsədi daşıyırdı. Bir çox dövlətlərdə “İlin” əlaqələndirmə funksiyası milli komitələr və ya digər orqanlara tapşırılmış, Fəaliyyət Planları həyata keçirilmişdir.
2005-ci il ölkəmiz üçün digər bir hadisə ilə də yadda qalmışdır. Həmən ilin mayın 19-20-də Norveçin Bergen şəhərində ali təhsil sahəsində Avropa əməkdaşlıq prosesi kimi tanınan Bolonya prosesinin 4-cü nazirlər konfransı keçirilmişdir. Azərbaycan Respublikasının nümayəndə heyətinin də iştirak etdiyi konfrans zamanı Azərbaycan Respublikası da daxil olmaqla 5 ölkə (Ermənistan, Moldova, Gürcüstan və Ukrayna) Bolonya prosesinə rəsmi olaraq qoşulmuşlar. 
Bildirmək lazımdır ki, Bolonya Prosesi 1968-ci ildən etibarən davam edən Avropada ali təhsilin mühüm və geniş miqyaslı islahatıdır. Prosesin əsas məqsədi 2010-cu ilədək elmi heyətlərin və tələbələrin sərbəst hərəkət etməsi və onların ixtisaslarının tanınmasının mümkün olacağı Avropa Ali Təhsil Məkanının yaradılmasına nail olmaqdan ibarətdir.
2005-ci ilin sentyabr-dekabr aylarında ATƏT sədrliyi çərçivəsində (məlum olduğu kimi 2005-ci ildə ATƏT-də sədrlik funksiyasını Sloveniya yerinə yetirirdi) Uşaq Hüquqları Konvensiyasına əsaslanan 10-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “İnsan Hüquqlarının Tədrisi üzrə Xüsusi Pilot Layihə” ölkəmizdə həyata keçirilmişdir. Adı çəkilən layihədə istifadə olunmuş tədris materialları  Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Layihənin tətbiqindən öncə Sloveniya Xarici İşlər Nazirinin müşaviri, ATƏT məsələlərinə məsul Blanka Yamnişek 2005-ci il sentyabrın 20-22-də ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində B.Yamnişek Azərbaycan Respublikası Təhsil və Gənclər, İdman və Turizm nazirləri, eləcə də  ölkəmizdə mövcud olan beynəlxalq təşkilatlar (ATƏT, Avropa Şurası, UNİCEF) və uşaqlar üçün insan hüquqlarının tədrisi sahəsində fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşlər keçirmişdir. 2005-ci il dekabrın sonunda bitən layihə 5 məktəb, 14 müəllim və 476 şagirdi əhatə etmişdir.  
Azərbaycan Respublikasında təhsil sisteminin müxtəlif pillələrində təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, təhsil müəssisələrində təhsilin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlər görülməsini təmin etmək məqsədi ilə 2005-ci il mayın 30-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiyanın yaradılması haqqında” Sərəncam imzalanmışdır.
Son illər Azərbaycanın dinamik inkişafı və beynəlxalq strukturlara intensiv inteqrasiyası Azərbaycanın təhsil sisteminə təsir göstərməyə bilməzdi. Sevindirici haldır ki, təhsil sistemimiz beynəlxalq standartlara doğru inadla irəliləyir və dünya ölkələrinin qabaqcıl təcrübəsindən get-gedə daha da çox bəhrələnir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi və regionumuzda həyata keçirilən digər mühüm layihələr ilə bağlı yaxın gələcəkdə ölkəmizə daha da çox dünya standartları səviyyəsində təhsil alan milli kadrlar lazım olacaqdır. Belə kadrların tezliklə yetişdirilməsi və dövlətimizin müxtəlif idarəçilik, sənaye və təsərrüfat sahələrində yerləşdirilməsi milli maraqlarımıza cavab verir. Məhz bu səbəbdən 2006-cı il oktyabrın 19-da Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət proqramı haqqında” 1746 saylı Sərəncam imzalanmışdır.
 
2009-ci il dekabrın 3-10-da Bakı şəhərində fizika, kimya və biologiya fənləri üzrə Yeniyetmələrin VI beynəlxalq elm olimpiadası keçirilmişdir. Olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak etmişlər. Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsi olmuşdur. 
 
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli, 255 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiq edilmişdir. 
 
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli, 295 nömrəli Sərəncamı ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı” təsdiq edilmişdir. 
2010-cu ildə Aİ-nin Tədqiqat və Texnoloji İnkişaf üzrə Yeddinci Çərçivə Proqramı (FP7) ilə bağlı Azərbaycan üçün prioritet sahələr üzrə ilk dəfə olaraq milli əlaqələndiricilər (National Contact Points) təyin olunmasına nail olunmuşdur. 
25-26 oktyabr 2010 tarixlərində AK və Ukrayna tərəfinin birgə təşkilatçılığı ilə Kiyevdə keçirilmiş “Avropa inteqrasiyası və Jean Monnet proqramı” üzrə seminarda Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
 
2010-cu ildə AR XİN-in təşəbbüsü, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin dəstəyi ilə ilk dəfə olaraq Bakıda Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının uşaqlarının iştirakı ilə “Azərbaycan haqqında nə bilirəm” mövzusunda ilk respublika müsabiqəsi təşkil olunmuşdur. 
 
09-10 iyul 2015-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası TDƏŞ üzv ölkələrinin təhsil nazirlərinin İstanbulda baş tutmuş dördüncü iclası zamanı ortaq türk tarixi kitabının Proqram layihəsi razılaşdırılmışdır.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 14 dekabr 2015-ci il tarixində Belçikada “İnsanlarla əlaqə” (People to People) adlı IV Platformanın 11-ci iclası keçirilmişdir. Qeyd olunan iclaslarda Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və AMEA nümayəndələri iştirak etmişdirlər. İclasda 2015-ci ildə görülmüş işlər və yeni layihələr haqqında geniş müzakirələr yer almışdır.

Azərbaycan Avropa İttifaqı ilə təhsil sahəsində əsasən TEMPUS və ERASMUS MUNDUS proqramları vasitəsilə həyata keçirir. Ümumiyyətcə, bu vaxtadək Azərbaycana dair 46 TEMPUS layihələri Avropa İttifaqı tərəfindən maliyyələşdirilmişdir. Azərbaycanın ali təhsil müəssisələri 18 ERASMUS MUNDUS layihəsinə cəlb olunmuşlar.  ERASMUS+  proqramı Leonardo, Comenius, Grundtwig, Erasmus, Jean Monnet, Gənclər Fəaliyyətdə (Youth in Action), TEMPUS və 5 digər beynəlxalq layihələri bir layihədə cəmləşdirmişdir. 

Ötən ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH adlı layihənin icrasına başlamışdır. Layihə ali təhsil sahəsində köklü islahatların, təhsil sahəsində tətbiq olunan standartların beynəlxalq standartlar səviyyəsinə çatdırılmasını nəzərdə tutur. Layihə çərçivəsində müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqı və Avropa Şurasının ekspert yardımı gözlənilir.

Horizon2020 proqramı Azərbaycan ilə Avropa İttifaqı arasında elm sahəsində əməkdaşlığın əsasıdır. Bu proqram çərçivəsində iyul ayında Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən İnformasiya Günü adlı beynəlxalq tədbir keçirilmişdir. 

Ötən ildə Azərbaycan “KA2 –Ali təhsil sahəsində potensialın yaradılması məqsədilə təcrübə mübadiləsi və innovasiyalar üzrə əməkdaşlıq” adlı layihə təşəbbüsü ilə çıxış etmişdir. Təşəbbüs Azərbaycanın bir çox ali məktəblərini, elmi-tədqiqat institutlarını   və dövlət qurumlarının cəlb edilməsini nəzərdə tutur.  

Xarici işlər Nazirliyinin töhfəsi və vasitəsilə Avropa İttifaqı Şərq Tərəfdaşlığının 4 Platformasındakı məsələlərin daha səmərəli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən qarşı tərəfə təklif və təşəbbüslər  təqdim olunmuşdur. 



Son yenilənmə tarixi: 05.01.2016