Silahlar üzərində nəzarət və onların yayılmaması

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə və Vyana Sənədi - 99

Azərbaycan Respublikası adi silahlara nəzarət üzrə bütün müqavilə və sazişlərin üzvüdür. Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə (AASQM) və Vyana Sənədinə 1992-ci ildə qoşulmuşdur.

1999-cu ildə Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Uyğunlaşdırılmış Müqaviləni, eləcə də Yüngül və Atıcı Silahlar üzrə Sənədi imzalamışdır. Respublikamız informasiya mübadiləsi sahəsində özünün müxtəlif öhdəliklərini yerinə yetirməkdə davam edir.     

Azərbaycan Respublikası şəffaflığı təmin etmək məqsədilə özünün silahlı qüvvələri barədə hərtərəfli məlumat mübadiləsində iştirak edir, iştirakçı dövlətlərin müfəttişlərini qəbul edir və iştirakçı dövlətlərdə müfəttiş rolunda çıxış edir. Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Uyğunlaşdırılmış Müqaviləni 1999-cu ildə İstanbul Sammitində imzalamışdır. Bu müqavilənin Azərbaycan Respublikası tərəfindən ratifikasiyası iştirakçı dövlətlər öz öhdəliklərini yerinə yetirdikdən sonra baş verəcək. Bu müqavilənin qüvvəyə minməsinin ləngidilməsi narahatlıqlara səbəb olur.

Vyana Sənədindən irəli gələn öhdəliklər sülh şəraiti üçün nəzərdə tutulmuşdur. Bu öhdəliklərin Dağlıq Qarabağda və onun ətrafında nizamlanmamış münaqişə şəraitində tam olaraq yerinə yetirilməsi çətin olaraq qalır.

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfində işğal olunmuş 20 % torpaqlarında adi silahlara aid öhdəliklərin yerinə yetirilməməsi Azərbaycan Respublikasını narahat edir. Bu ərazilərdə yerləşdirilmiş çoxlu sayda silah və sursat nəzarətdən kənardır və regionda sülhə ciddi təhlükə yaradır. Beynəlxalq təşkilatların köməkliyi ilə Azərbaycan Respublikası bu qüvvələrin həmin ərazilərdən çıxarılması və müvafiq olaraq silah və sursatların azaldılması naminə öz səylərini davam etdirir.   

14 iyun 2007-ci il tarixində Rusiya Federasiyasının təkidi ilə çağırılmış Fövqəladə Konfrans zamanı Azərbaycan Respublikası Ermənistan tərəfindən işğalın və işğal altındakı ərazilərdə külli miqdarda nəzarətsiz silah və texnika (UTLE) cəmləşdirməsinin davam etməsi faktorunun, eləcə də Rusiyanın AASQM-dən çıxmasının regiondakı vəziyyətə çox böyük təsiri olması ilə əlaqədar olaraq özünün “fors-major” şəraitdə olmasını bəyan etmişdir.

Yüngül və Atıcı Silahlar

Yüngül və atıcı silahların qeyri-qanuni ötürülməsinin ümumi təhlükəsizlik və sabitliyə ciddi hədə törətməsi barədə beynəlxalq ictimaiyyətin fikri ilə Azərbaycan tamamilə şərikdir. Yüngül silahların asanlıqla əldə edilməsi və onların ziyanları beynəlxalq ictimaiyyətin yeni minillikdə üzləşəcəyi ciddi problemdir.

Heç şübhəsiz ki, yüngül və atıcı silahlar probleminin Cənubi Qafqaz regionuna xüsusilə aidiyyəti var. Yüngül və atıcı silahların konflikt zonasında cəmlənməsi bu konfliktlərin danışıq yolu ilə həll edilməsi imkanlarına ciddi şəkildə maneçilik törədir və qonşu dövlətlər arasında etibarın formalaşmasına mənfi təsir göstərir.

Azərbaycan inanır ki, yüngül silahların satışındakı şəffaflığın artırılması Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verə bilər.
1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olunmasından etibarən Rusiyadan Ermənistana qeyri-qanuni şəkildə çoxlu sayda silahın ötürülməsinə Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Nəticə etibarilə, bütün bu silahlar Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirilir. Konflikt regionunda hal-hazırkı vəziyyət mürəkkəbdir, belə ki, işğal nəticəsində Azərbaycanın İranla dövlət sərhədlərinin 130 km-lik hissəsinə hal-hazırda işğalçılar tərəfindən nəzarət edilir. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş torpaqları terrorist və cinayət qaçaqmalçılıq fəaliyyətləri üçün “azad zonaya” çevrilmiş və xüsusilə yüngül silahlar və narkotiklər daxil olmaqla, müxtəlif növ malların qeyri-qanuni ötürülməsi və ticarəti üçün istifadə edilir.

Azərbaycan beynəlxalq təşkilatlarda Yüngül və Atıcı Silahların yayılması probleminin həllinə cəlb edilmişdir. Regional səviyyədə Azərbaycan bütün növ qeyri-qanuni ötürülmə hallarının qarşısını almaq məqsədilə region dövlətləri ilə birlikdə əməkdaşlığı gücləndirmək üçün əlindən gələni edir. Azərbaycan çoxtərəfli çərçivədə GUAM dövlətləri ilə bu növ əməkdaşlığı inkişaf etdirir.
2000-ci ildə etibarən Azərbaycan Respublikası yüngül və atıcı silahların istehsalı, toplanması, ötürülməsi və qeydiyyatı sahəsində öz öhdəliklərini yerinə yetirir və illik məlumat mübadiləsində iştirak edir.

Azərbaycan daim vurğulayır ki, Yüngül və Atıcı Silahların yayılmasının azaldılması sahəsində səmərəli rejimin Cənubi Qafqazda yaranması o vaxt mümkün olacaq ki, regionun bütün dövlətləri beynəlxalq hüquqa hörmətlə yanaşsın, qonşu dövlətlərə ərazi iddialarından əl çəksin və separatçı və terroristləri dəstəkləməyi dayandırsın.
   
Yayılmama

Azərbaycan Respublikası kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsini özünün xarici və təhlükəsizlik siyasətinin prioritet məsələlərindən biri kimi qəbul edir. O, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi kimi bu sahəyə aid olan beynəlxalq sənədləri imzalamış və ratifikasiya etmiş, eləcə də ballistik raketlərin yayılmasına qarşı mövcud mexanizmlərin yerinə yetirilməsi sahəsində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. 

Azərbaycan nüvə silahlarının tamamilə aradan qaldırılması sahəsində son məqsədə nail olmaq üçün bütövlükdə nüvə silahlarının yayılmasının qarşısının alınması, nüvə tərksilah prosesinə və beləliklə də beynəlxalq sülh və təhlükəsizliyin qüvvətlənməsinə səmərəli şəkildə səy göstərir. Azərbaycan, həmçinin nüvə təhlükəsizliyi sahəsində beynəlxalq rejimin bütövlükdə yerinə yetirilməsi üçün beynəlxalq ictimaiyyətin məqsədyönlü şəkildə səylərinin artırılmasına fəal şəkildə cəlb olunmağa cəhd edir. Geniş qonşuluqda nüvə silahlarının, onların tərkib hissələrinin və texnologiyalarının mövcudluğu Azərbaycanı bütün müvafiq razılıqların yerinə yetirilməsində fəal iştiraka məcbur edir.

Şərqlə qərb və şimalla cənub arasında əsas kommunikasiyaların kəsişmə nöqtəsində, eləcə də  gərgin münaqişə regionunda yerləşmiş Azərbaycan Respublikası kütləvi qırğın silahlarına aid olan material, texnologiya və bütövlükdə tərkib hissələrinin, eləcə də onların daşınması vasitələrinin öz ərazisi vasitəsilə mümkün ötürmələrin qarşısını almaq məqsədilə bütün vacib praktiki və qanunvericilik vasitələrindən istifadə edir.

Bu regionun geo-strateji mövqeyini və mövcud konfliktləri nəzərə alaraq, Azərbaycan prezidenti 1997-ci ildə Daşkənddə Beynəlxalq Konfransda Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan bu təşəbbüsü dəstəkləmək üçün beynəlxalq ictimaiyyəti daim köməyə çağırır.

Təəssüf ki, regiondakı “dondurulmuş konfliktlər” və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20% ərazisinin işğalının davam etməsi nüvə silahlarının yayılmaması sahəsində bu səyləri, eləcə də digər beynəlxalq səylərin həyata keçirilməsinə başlıca maneədir. Bu işğalın nəticəsində ərazinin əhəmiyyətli hissəsi və beynəlxalq sərhədlər Dövlətimizin nəzarəti altında deyil və bu öz növbəsində qeyri-sabit regionda nüvə materiallarının qeyri-qanuni ötürülməsi təhlükəsini artırır.

Hal-hazırda nüvə və radioaktiv materialların qeyri-qanuni ötürülməsi və nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə işləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti həyata keçirir. Malların tranzitinə dəqiq nəzarəti həyata keçirmək üçün sərhəd gömrük məntəqələrinin müasir avadanlıqlarla təchiz edilməsinə ehtiyac vardır. Bu baxımdan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Agentliyin Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2003-2004-cü illər üçün “Radioaktiv materialların qeyri-qanuni ötürülməsinə qarşı mübarizə” məsələlərinə həsr olunmuş layihəni Azərbaycan Respublikası Agentliyə təqdim etmişdir. 

Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüs çərçivəsində əməkdaşlıq

Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüs (Global Initiative to Combat Nuclear Terrorsim/GICNT) 2006-cı ilin 15 iyul tarixində Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasının birgə təşəbbüsü olaraq yaradılmışdır. 

Təşəbbüsün başlıca məqsədi nüvə terrorçuluğu ilə mübarizə və nüvə materiallarının və radiaktiv maddələrin terrorçular və digər qeyri-dövlət aktorları tərəfindən ələ keçirilməsinin, nəqlinin və istifadə edilməsinin qarşısının alınması sahələrində tərəfdaş dövlətlərin milli imkanlarının gücləndirilməsi və kollektiv səylərin artırılmasıdır. 

Azərbaycan Respublikası 2012-ci ilin 19 mart tarixində təşəbbüsün əsas sənədi olan “Prinsiplər Bəyannaməsi”ni qəbul edərək ona üzv olmuşdur. 

Azərbaycan Respublikası Təşəbbüsə qoşulduqdan sonra bu çərçivədə təşkil olunan bir sıra tədbirlərdə aktiv iştirak etmiş, eləcə də 2013-ci ilin 23-24 may tarixlərində Mexikoda keçirilmiş tərəfdaş dövlətlərin səkkizinci plenar iclasında və İmplementasiya və Qiymətləndirmə Qrupunun növbəti görüşündə təmsil olunmuşdur. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən Xarici İşlər Nazirliyi GICNT üzrə əlaqələndirici qurum funksiyalarını icra edir.

Kütləvi qırğın silahlarının və aidiyyəti material və texnologiyaların yayılması ilə mübarizə sahəsində Azərbaycan - ABŞ əməkdaşlığı

Kütləvi qırğın silahlarının və əlaqədar komponentlərin yayılmasının qarşısının alınması üzrə Azərbaycan ABŞ-la uğurlu əməkdaşlığa malikdir.

Qeyd olunan sahədəki ikitərəfli əməkdaşlığın hüquqi əsasını 28 sentyabr 1999-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlıq və müdafiə sahəsində tədbirlər haqqında Saziş” (“Çətir Sazişi”) təşkil edir.  

1999-cu il “Çətir Sazişi” çərçivəsində aşağıdakı hüquqi sənədlər imzalanmışdır:

1. “Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamenti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlığa dair Saziş”, 2 yanvar 2004-cü il;

2. “Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Saziş”, 6 iyun 2005-ci il;

3. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Amerika Birləşmiş Ştatlarının Energetika Departamenti arasında nüvə və digər radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında əməkdaşlığa dair İcra Razılaşması”, 8 dekabr 2005-ci il;

Sözügedən hüquqi sənədlər üzrə Azərbaycan-ABŞ əməkdaşlığı Bioloji Təhlükənin Birgə Önlənməsi Proqramı, Müdafiənin İkinci Xətti, İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi və digər əlaqədar yayılmama proqramları çərçivəsində uğurla həyata keçirilir.

Silah Ticarəti üzrə Müqavilə 

Silah Ticarəti üzrə Müqavilə (STM) adi silahların, onların sursat, hissə və komponentlərinin beynəlxalq ticarətini nizamlayan çoxtərəfli sənəddir. 

STM üzrə 2006-cı ildə BMT çərçivəsində başlanan proses 2013-ci ilin 2 aprel tarixində müqavilənin BMT Baş Assambleyasında qəbul edilməsi ilə yekunlaşmışdır. Belə ki, 2 aprel 2013-cü il tarixində BMT Baş Assambleyasında 154 dövlət lehinə, 3 dövlət əleyhinə və 23 dövlət birtərəf olmaqla 67/234B saylı qətnamə ilə müqavilə mətni təsdiq edilmişdir.

Sözügedən müqavilənin mütərəqqi ideya və ali məqsədləri diqqətə alınmaqla Azərbaycan Respublikası qeyd olunan müqaviləyə dair BMT Baş Assambleyası qətnaməsinin lehinə səs vermişdir.  Qeyd edək ki, BMT Baş Assambleyasının sözügedən məsələ üzrə əvvəlki 61/89, 63/240 və 64/48 saylı qətnamələri də tərəfimizdən dəstəklənmişdir.

STM sülh və təhlükəsizliyin təmin edilməsi məqsədilə tanklar, zirehli döyüş maşınları, böyük kalibrli artilleriya sistemləri, döyüş təyyarələri, hücum vertolyotları, hərbi gəmilər, raketlər və onların atış qurğuları, yüngül və atıcı silahlar, eləcə də onların sursat, hissə və komponentlərinin beynəlxalq ticarəti ilə əlaqədar fəaliyyətlər üçün ümumi norma və standartların müəyyənləşdirilməsini nəzərdə tutur.

Kimyəvi Silahlar Konvensiyası

1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında Konvensiyanı imzalamaq təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə 13 yanvar 1993-cü ildə həyata keçirildi. Ötən dövr ərzində Azərbaycan (13 yanvar 1993-cü il) da daxil olmaqla 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci ölkə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra, 29 aprel 1997-ci ildə konvensiya qüvvəyə mindi. Bir çox Avropa dövlətləri, ABŞ, Rusiya, Ermənistan (27.01.95) və Gürcüstan da (27.11.95) daxil olmaqla bəzi MDB dövlətləri konvensiyanı ratifikasiya edən ölkələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulmuş və o 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minmişdir.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Haaqada fəaliyyət göstərir. Haaqa yaxınlığında Reisvikdə KSQT laboratoriyası açılmışdır.
1997-ci ilin aprel ayında İştirakçı Dövlətlərin ilk Konfransı keçirildi.

Konvensiyaya üzv dövlətlərin hər biri heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürmüşlər. Konvensiya 2-10 il dövr ərzində kimyəvi silahların və onların məhsullarının tamamilə məhvi üçün nəzərdə tutulmuşdur. Konvensiya çərçivəsində qadağan olunmayan hallar, sülh məqsədləri üçün vasitələr, yəni sənaye, kənd təsərrüfatı, əczaçılıq, tibbi və digər vasitələr istisna olmaqla, hərbi sursatlar ilə birlikdə zəhərli kimyəvi maddələrin və onların məhsullarının məhv edilməsi konvensiyada nəzərdə tutulmuşdur. Konvensiyada qeyd edilmiş bütün kimyəvi maddələr mənşəyindən və ya istehsalından asılı olmayaraq, hansı ki, insanlara və ya heyvanlara zərər yetirə bilər zəhərli kimyəvi maddələrə aiddir. Buna görə də, bu növ kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır.
Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə, nəzərdə tutulmuş yoxlamalar və “gözlənilməz” yoxlamalar həyata keçirilir.

Konvensiya müddətsizdir. Eyni zamanda, konvensiyaya üzv olan dövlətlərin hər biri əgər qərara gəlsə ki, “Konvensiyaya aid olan qeyri-adi hadisə dövlətin çox vacib maraqlarına təhlükə törədir” o zaman, həmin dövlət konvensiyanı etibarsız elan etmək hüququna malikdir.

9 may 2000-ci il tarixində Azərbaycan Respublikasının Brüsseldəki Səfiri cənab Əfəndiyev Azərbaycanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı yanında daimi nümayəndəsi təyin edilmişdir.

15 iyul 2000-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi KSQT-nin Milli Əlaqələndirici Qurumu təyin edilmişdir.
24-28 noyabr 2003-cü il tarixində Bakıda bu sahədə milli mütəxəssislər üçün Müdafiə sahəsində Milli Təlim Kursu təşkil edilmişdir. Bu yuxarıda qeyd edilən təşkilat çərçivəsində Azərbaycanda həyata keçirilən ilk kurs idi.

Kursun nəzəri hissəsi zamanı müzakirə edilən və təcrübi hissədə tətbiq edilən əsas mövzular aşağıdakılardan ibarət idi:

• Kimyəvi Silahlara qarşı müdafiə və yardım, Konvensiyanın 10-cu maddəsi; 
• Kimyəvi silahlar təhlükəsi, onun növləri və təsirləri; 
• Mülki əhali üçün qoruyucu ləvazimat (onun istifadəsi təcrübədə göstərilmişdi); 
• Silahlı qüvvələrin qoruyucu ləvazimatları; 
• Tibbi profilaktika və terapiya üsulları; 
• Kimya Sənayesində Bədbəxt hadisələr, monitorinq və aşkarlama; 
• Ləvazimatlarla davranış və üsullar (təcrübi iş); 
• Nümayiş "fəlakətzadələrə yardım" (təcrübi iş);

Nazirlər Kabinetindən, Xarici İşlər Nazirliyindən, Müdafiə Nazirliyindən, Milli Təhlükəsizlik Nazirliyindən, Daxili İşlər Nazirliyindən, Dövlət Gömrük Komitəsindən, Dövlət Sərhəd Xidmətindən, Milli Elmlər Akademiyasından və “Azərkimya” Dövlət Konsernindən nümayəndələr iştirak etmişdi.

29 yanvar – 2 fevral 2007-ci il tarixlərində Bakı şəhərində Avropa İttifaqının maliyyə dəstəyi və Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının ekspert yardımı ilə “Azərbaycan Respublikasında Kimyəvi Silahlar Konvensiyasının icrası üzrə milli məlumatlandırma seminarı” keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının 14 dövlət qurumunu təmsil edən 25-dən çox nümayəndə iştirak etmişdir.

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının (KSQT) “Mərkəzi Asiya və Azərbaycanda qabiliyyət quruculuğu layihəsi”nin davamı olaraq 2008-ci ilin 12-16 may tarixlərində Bakı şəhərində KSQT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı  ilə “Regional Yardım və Mühafizə 2008” mövzusunda beynəlxalq təlim kursu keçirilmişdir.

“Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında Konvensiyanın tətbiq edilməsi barədə” qanunvericilik sənədinin qəbul edilməsi yekunlaşmaq üzrədir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA)

 1957-ci ildən etibarən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın hökumətlərarası forumu kimi fəaliyyət göstərir. Nizamnaməyə görə onun başlıca məqsədləri “dünyada atom enerjisindən sülh, səhiyyə və inkişaf naminə istifadə edilməsini artırmaq və prosesi tezləşdirmək” və “onun tərəfindən, onun tələbi ilə, onun təlimatı və ya nəzarəti altında göstərilən yardımın hər hansı bir hərbi məqsədlər üçün istifadə olunması kimi halların olmamasını mümkün qədər təmin etməkdir”.
 AEBA-nın bu məqsədlərlə yanaşı digər məqsədlərinə - nüvə texnologiyalarının və nou-hauların ötürülməsinə dəstək, nüvə enerjisindən istifadə sahəsində etibarlı və təhlükəsiz beynəlxalq qaydanın yaradılmasına dəstək, nüvə materiallarının yalnız sülh məqsədləri üçün istifadə edilməsinə təminatı həyata keçirmək və nüvə texnologiyalarından sülh məqsədləri üçün istifadə edilməsi barədə məlumatları yaymaq daxildir. Hal-hazırda 132 dövlət AEBA-nın üzvüdür.      

AEBA-nın strukturu və işçi heyəti

 AEBA-nın strukturu aşağıdakı kimidir: Baş Konfrans, hansı ki, bütün üzv dövlətlərin nümayəndələrindən ibarətdir və hər il 1 həftəlik sessiya üçün toplanır; Rəhbər Şura, adətən il ərzində 4-5 sessiya keçirilir, lakin hər hansı bir vaxtda zərurət olduqda qısa zaman ərzində toplanmalıdır; Baş Katib, AEBA Katibliyinin icraçı rəhbəridir. Katiblik AEBA proqramının həyata keçirilməsi üçün öhdəlik daşıyır.

AEBA-nın mütəxəssis heyəti üzv dövlətlərdən seçilmiş çoxmillətli mütəxəssis qruplarından ibarətdir. Buna baxmayaraq, AEBA-nın işçiləri beynəlxalq mülki qulluqçulardır və onlar yalnız AEBA qarşısında öhdəlik daşıyırlar və onlardan tələb olunur ki, hər hansı bir hökumətdən və ya digər milli qurumdan təlimatlar almasınlar. İşçi heyətinin bir çoxu AEBA-nın Vyanadakı Qərargahında və Vyana yaxınlığında Seibersdorfda yerləşən yardımçı elmi laboratoriyada çalışırlar. İşçilərin bəziləri Nyu-Yorkda BMT Baş Qərargahında və Cenevrədə yerləşən əlaqə idarələrində çalışırlar. Digər işçilər Tokio və Torontodakı regionla idarələrdə və Monakoda AEBA Dəniz Ətraf Mühit Laboratoriyasında çalışırlar.
 AEBA çərçivəsində ölkələr 5 qrupa bölünüb: Afrika, Latın Amerikası, Şərqi Asiya və Sakit Okean, Qərbi Asiya və Avropa.           

AEBA-nın işi 6 idarə vasitəsilə həyata keçirilir: 

- Texniki əməkdaşlıq 
- Nüvə enerjisi 
- Nüvə təhlükəsizliyi
- Müdiriyyət 
- Araşdırma və İzotop  
- Təminatlar 

Texniki əməkdaşlıq

Texniki əməkdaşlıq idarəsi (TƏ) nüvə enerjisini sülh məqsədlərində istifadə edilməsi üçün inkişaf edən ölkələrin elmi və texniki imkanlarını artırmaq və sabit inkişafa töhfə  vermək məqsədilə səmərəli proqramlar həyata keçirir.  İdarə mütəxəssis xidməti, ləvazimat və təlimlərin təminatını yerinə yetirir. 

Nüvə enerjisi

Bu idarənin mütəxəssisləri nüvə enerjisindən istifadə üzrə layihələrin həyata keçirilməsində və dəyərləndirilməsində ölkələrə yardım göstərir. Təhlükəsiz və səmərəli atom enerjisi üzrə layihələrin, eləcə də ümumiyyətlə enerji planlaşdırılması üzrə texniki, iqtisadi və maliyyə tələbatı sahəsində məsləhətlər verirlər. Onlar bütövlükdə reaktor texnologiyalarının və gələcək konstruksiyalar barədə fikirlərin təkmilləşdirilməsinə aid olan fəaliyyət ilə məşğul olurlar.

Nüvə təhlükəsizliyi

Nüvə təhlükəsizliyi idarəsi təhlükəsizlik standartlarının hazırlanması üçün və Üzv Dövlətlərin bu standartları yerinə yetirməsinə yardım etmək üçün milli vasitələri və beynəlxalq əməkdaşlığı genişləndirməklə yüksək səviyyəli nüvə təhlükəsizliyinə nail olmaq və bunu qoruyub saxlamaq məqsədilə səy göstərir. İdarə ümumiyyətlə təhlükəsiz idarəçilik təcrübəsi sahəsində, ətraf mühitə radioaktiv məhsulların tullanmasına nəzarət etmək və radioaktiv materialların təhlükəsiz şəkildə daşınması sahəsində yardım göstərir.

Müdiriyyət

Bu idarənin mütəxəssisləri AEBA-nın illik büdcəsini və maliyyə xərclərini hazırlayır, həyata keçirir, nəzarət edir, eləcə də şəxsi heyət üçün proqramları formalaşdırır, həyata keçirir və idarə edir. Tərcüməçilər və korrektorlar AEBA-nın rəsmi dillərinə tərcümə işlərini həyata keçirirlər. Digər xidmətlərə təchizat, mühəndis işləri, arxivləşdirmə və rabitə daxildir.

Araşdırma və İzotop

Bu idarənin mütəxəssisləri qida istehsalı və təhlükəsizlik, insan və qidalanma, sənaye, su və ətraf mühit məsələlərinə aid olan problemləri həll etmək məqsədilə nüvə texnologiyaları və onların tətbiq olunması sahəsinə aid olan proqram fəaliyyətlərinə cəlb olunmuşlar.

Təminatlar

AEBA öz təminatları vasitəsilə üzv dövlətlərin nüvə enerjisini yalnız sülh məqsədləri üçün istifadə etməsinə, nüvə materiallarından hərbi məqsədlər üçün istifadə etməmək təminatlarına və gizli nüvə fəaliyyətlərinin aparılmamasına aid öhdəliklərin yerinə yetirməsini yoxlayır. AEBA müfəttişləri hər il Üzv Dövlətlərin nüvə qurğularının yoxlanmasını həyata keçirir.

Azərbaycan - AEBA münasibətləri

1995-ci ildən etibarən ölkəmizin nümayəndələri AEBA çərçivəsində qiyabi-tədris kurslarında və seminarlarda iştirak etmişlər.

Azərbaycanla AEBA arasında əməkdaşlıq üçün hüquqi bazanın yaradılması məqsədilə, 6 noyabr 1998-ci ildə Respublikamız Vyanada Təminatlar üzrə Razılığı və ona Əlavə Protokolları imzaladı. Bu sənəd Milli Məclis tərəfindən 23 mart 1999-cu ildə ratifikasiya edildi və bu ilin 15 aprel tarixində prezident tərəfindən təsdiq edildi.

20 aprel 2000-ci ildə Respublikanın Baş Naziri AEBA-nın Baş Katibinə üzvlük ərizəsi təqdim etdi. Bu müraciətə əsasən, Azərbaycanın AEBA-nın Avropa Qrupuna daxil edilməsi xahiş edildi. Vyanada 5-9 iyun 2000-ci il tarixində Azərbaycanın xahişi Rəhbər Şuranın iclasında təsdiq edildi və Baş Konfransda qəbul edildi.

5 iyul 2000-ci ildə Azərbaycan Prezidentinin Vyanaya səfəri zamanı, Azərbaycan Təminat Razılığının 2-ci Əlavə Protokolunu imzaladı və bu 2000-ci il 29 noyabr tarixində Azərbaycan üçün qüvvəyə mindi.

Azərbaycan Respublikasının maraq dairəsi çərçivəsində olan məsələlər aşağıdakılardır:
           
- radioaktiv mənbələrin və tullantıların araşdırılması, təcrid və təmizlənmə işləri üçün proqram və layihələrin maliyyələşdirilməsi;
- yuxarıda qeyd edilən məqsədlər üçün münasib ləvazimatların təmin edilməsi; 
-  nüvə texnologiyalarının iqtisadi, elmi və texniki araşdırmanın müxtəlif sahələrində
tətbiq olunması;
- milli mütəxəssislər üçün təlimlər (kurslar, seminarlar və s.).

Azərbaycan Respublikası AEBA-ya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2003-2004-cü illər üçün dörd milli layihə təqdim etmiş və onlar agentlik tərəfindən qəbul edilmişdir:

• Radioaktiv materialların qeyri-qanuni ötürülməsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş layihə;
• Onkologiya sahəsində radioloji müalicə üsullarının təkmilləşdirilməsinə həsr olunmuş layihə; 
• Radiasiya monitorinqinin həyata keçirilməsi məsələlərinə həsr olunmuş
layihə; 
• Ölkəmizin Sülh məqsədilə nüvə enerjisinin istifadəsinə dair informasiya sisteminə qoşulmasına həsr olunmuş layihə.

16-20 sentyabr 2002-ci il tarixində 46-cı AEBA Baş Assambleyası zamanı Azərbaycana texniki yardım sahəsində əlavə razılıq respublikamız tərəfindən imzalandı.
26-30 noyabr 2002-ci ildə Bakıda “Nüvə materiallarının fiziki mühafizəsi” adlı layihə çərçivəsində “Nüvə və radioaktiv materialların qeyri-qanuni ötürülməsinə qarşı mübarizə” məsələlərinə həsr olunmuş ilk milli təlim kursu təşkil edildi. Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlardan nümayəndələr bu kursda iştirak etmişlər.
Aşağıdakı sənədlər Azərbaycan tərəfindən qəbul edilib:

- Azərbaycan ərazisində radioaktiv təhlükəsizliyə nəzarətin gücləndirilməsi tədbirlərinə aid Nazirlər Kabinetinin 11 iyul 1997-ci il tarixli qərarı;
- 30 dekabr 1997-ci il tarixli əhalinin radioaktiv təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu;
- Partlayıcı maddələrin və ləvazimatların radioaktiv və şüalanma mənbələrinin, eləcə də təchizatların istifadəsi və onların sənayedə saxlanması barədə Lisenziya Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 1998-ci il tarixli qərarı.

Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2008-ci il tarixli, 746 saylı Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nəzdində Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılmışdır.

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatı (NSHQMT)

1996-cı ilin sentyabr ayında BMT Baş Assambleyası müqavilənin layihəsini qəbul etdi. 1996-c il 24 sentyabr tarixindən etibarən Müqavilə imzalanmaq üçün açıqdır. Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatı üçün Hazırlıq Komissiyası müqaviləni imzalamış dövlətlər tərəfindən 19 noyabr 1996-cı ildə yaradılmışdır.

Hal-hazırda, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə 160 dövlət tərəfindən imzalanmış və müqavilənin qüvvəyə minməsi üçün ratifikasiyası tələb olunan 44 dövlətdən 31-i daxil olmaqla, 75 dövlət tərəfindən ratifikasiya edilmişdir.
 Beləliklə, təşkilatın orqanları bunlardır: Üzv dövlətlərin Konfransı, İcraedici Şura və texniki Katiblik. 
 Hazırlıq Komissiyası 3 köməkçi orqandan ibarətdir:

- A İşçi Qrupu – inzibati və büdcə məsələləri;
- B Işçi Qrupu – yoxlama nəzarət məsələləri;
- Məşvərət Qrupu – maliyyə, büdcə və inzibati məsələlər üzrə mütəxəssis rəyi.

Müqavilənin həyata keçirilməsinə nəzarət etmək məqsədilə, yoxlama rejimi yaradılmışdır:

- Beynəlxalq Monitorinq Sistemi;
- Beynəlxalq Məlumat Mərkəzi;
- Məşvərət və Aydınlaşdırma;
- Yerli inspeksiyalar;
- İnam yaratma tədbirləri.

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının (NSHQMT) “Yerlərdə İnspeksiya” xidməti (OSİ) çərçivəsində 2006-cı ilin ilin 22 – 29 oktyabr tarixlərində Bakıda On Birinci Regional Tanışlıq kursu keçirilmişdir.

Beynəlxalq Monitorinq Sistemi

BMS-in əsas məqsədi hər hansı bir nüvə partlayışını müəyyən etməkdir. BMS 50 əsas və 120 köməkçi seysmik, 80 radionuklid, 60 infrasəs və 11 hidroakustik stansiyadan ibarətdir.
Beynəlxalq Məlumat Mərkəzi

BMM xüsusi laboratoriyalarda hazırlanmış analizlərin nəticələri də daxil olmaqla,  Beynəlxalq Monitorinq Sisteminin məlumatlarını əldə edir, toplayır, emal edir, təhlil edir, məruzə edir və arxivləşdirir.

Məşvərət və Aydınlaşdırma
 
Yoxlama rejiminin bu tərkib hissəsinin əsas məqsədi yerli inspeksiyaların həyata keçirilməsindən əvvəl Üzv Dövlətlərlə əlaqədar hər hansı bir problemi həll etməkdir. Bu məqsədlə, aydınlaşdırma aidiyyəti üzv dövlət tərəfindən 48 saat ərzində yerinə yetirilməlidir.  

Yerli inspeksiyalar

Əgər yuxarıda qeyd edilən problemlər məşvərət yolu ilə həll edilməsə, hər bir üzv dövlət yerli inspeksiyaların aparılmasını Təşkilatdan xahiş etmək hüququna malikdir.

İnam yaratma tədbirləri

Bu tədbirlərə əsasən, əgər hər hansı bir üzv dövlətin ərazisində müvafiq dərəcədən artıq olan nüvə partlayışı baş versə, həmin üzv dövlət könüllü şəkildə bu partlayış barədə məlumatı Texniki Katibliyə göndərməlidir.

NSHQMT – Azərbaycan münasibətləri

Azərbaycan Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqaviləni (NSHQM) 28 iyul 1997-ci ildə imzalamış və 1999-cu il 2 fevral tarixində ratifikasiya etmişdir. Beləliklə, Azərbaycan Şərqi Avropa ölkələri arasında Müqaviləni ratifikasiya edən üçüncü ölkə oldu. 30 iyun 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu NSHQMT-nin Milli Məlumat Mərkəzi, 2000-ci il 15 iyul tarixində isə Xarici İşlər Nazirliyi NSHQMT-nin Milli Əlaqələndirici orqanı təyin edildi.

1997-ci ildən etibarən Respublikamızın nümayəndələri NSHQMT çərçivəsində təşkil edilmiş qiyabi-tədris kurslarında və seminarlarda iştirak etmişlər.
Azərbaycan Müqavilənin dünya və regional təhlükəsizlik sistemində rolunun əhəmiyyətini, həssas regionda yerləşməsini və xüsusi maraqlarını nəzərə alaraq NSHQM-yə qoşulmuşdur. Azərbaycan səmərəli şəkildə bütün növ nüvə silahlarının yayılmasının qarşısını almaq, nəticə etibarilə nüvə silahlarının tamamilə aradan qaldırılmasına nail olmaq və beləliklə beynəlxalq sülh və təhlükəsizliyi möhkəmlətmək məqsədilə nüvə tərksilah prosesini qüvvətləndirməyə səy göstərir.

25-30 noyabr 2001-ci ildə Beynəlxalq Məlumat Mərkəzinin direktoru Rəşad Kebeasy və BMM-in Qlobal rabitə İnfrastrukturu Şöbəsinin Rəhbəri Robert Riker Azərbaycan Respublikasına səfər etmişlər.

Bu səfərin əsas məqsədi, Azərbaycan Respublikasının Milli Məlumat Mərkəzinin texniki imkanları və BMM ilə MMM arasında Qlobal Rabitə İnfrastruktur əlaqəsi (Yerüstü Qəbuledici Stansiyanın (VSAT) fəaliyyəti üçün lisenziyanın verilməsi) barədə müzakirələr aparmaq idi.

Qonaqların araşdırma və təklifləri bunlardır: Texniki Təminat Katibliyi tərəfindən təchiz edilmiş cihazların yenilənməsi daxil olmaqla yeni proqram təminatlarının yüklənməsi; MMM-in işçilərinə MMM-in proqram təminatlarından istifadə qaydalarının öyrədilməsi üçün əlavə təlimlərə ehtiyac; MMM-də Yerüstü Qəbuledici Stansiyaların antenna ilə təchizatı məsələsi; Rabitə Nazirliyi tərəfindən Geologiya İnstitutuna Yerüstü Qəbuledici Stansiyanı işlətmək üçün səlahiyyətin verilməsi, və Yerüstü Qəbuledici Stansiyaların təchizat və təminatını həyata keçirmək üçün HOT Şirkətinə (Britaniya Şirkəti) icazə verilməsi.
22-25 yanvar 2001-ci ildə Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəhbəri Honq Lai Çanq və Beynəlxalq Münasibətlər Şöbəsinin rəhbəri Murad Tajati Bakıya səfər etmişlər.

Səfərin əsas məqsədi:

• 21-24 may 2001-ci ildə İstanbulda keçirilməsi planlaşdırılan “NSHQMT çərçivəsində beynəlxalq əməkdaşlıq və milli implementasiya/ratifikasiya üsulları” adlı regionlararası seminara hazırlığa həsr olunmuş fikir mübadiləsi; 
• Bakıda milli/regional seminarın keçirilməsi; 
• V.Hoffmanın Bakıya səfəri.

Səfərin nəticələri:

• Respublikamızın nümayəndələrinin İstanbulda seminarda iştirakı; 
• Bakıda milli ixtisas artırma seminarının təşkil edilməsi; 
• V.Hoffmanın seminarın açılış sessiyasında iştirakı;  
• İstanbulda seminar zamanı Bakıda 2002-ci ildə regionlararası seminarın təşkil edilməsi təklifi;

2002-ci il 4-6 iyun tarixində Bakıda milli ixtisas artırma seminarı təşkil edildi.

Bu seminarda Nazirlər Kabinetindən, Xarici İşlər Nazirliyindən, Milli Təhlükəsizlik Nazirliyindən, Müdafiə Nazirliyindən, Rabitə Nazirliyindən, Ədliyyə Nazirliyindən, Dövlət Texniki Nəzarət Komitəsindən və Milli Elmlər Akademiyasından nümayəndələr iştirak etmişlər.
 Bu seminar zamanı, aşağıdakı əsas məsələlər müzakirə edilmişdi:

• Milli qanun və normativ sənədlərin hazırlanması; 
• Milli Məlumat Mərkəzinin fəaliyyəti (Milli Elmlər Akademiyasının Geologiya İnstitutu);  
• Milli sistemdə müvafiq qurumların təyin edilməsi və onların fəaliyyətinin əlaqələndirilməsi;  
• Milli kadrlara təlimlər və onların təkmilləşməsi; 
• Milli texnologiya imkanlarını təkmilləşdirmək;  
• Müqavilənin mahiyyəti, onun beynəlxalq təhlükəsizlik sistemində rolu; 
• Təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq; 
• Müqavilənin tezliklə qüvvəyə minməsi üçün tədbirlər; 
• Yoxlama rejimi və ona aid olan üsullar;  
• Beynəlxalq monitorinq sistemi, beynəlxalq və milli məlumat mərkəzləri;  
• Azərbaycanın Beynəlxalq Monitorinq Sisteminə qoşulması və onun fəaliyyəti;

25-27 mart 2003-cü ildə Bakıda “Orta Asiya və Qafqaz ölkələri üçün NSHQMT” adlı Beynəlxalq Seminar təşkil edildi.
Bu seminarın iki əsas məqsədi var idi:

• Müqaviləni imzalamış ölkələr tərəfindən ratifikasiya məsələlərini həll etməklə müqavilənin universallığı; 
• Müqaviləyə uyğun olaraq öhdəliklərin yerinə yetirilməsində müqaviləni  imzalamış ölkələrə yardım göstərilməsi. 
Seminar zamanı aşağıdakı məsələlər müzakirə edilmişdir: 
• Müqavilənin beynəlxalq tərksilah sistemində rolu; 
• Müqavilənin qüvvəyə minməsinin başlanması; 
• Müqavilənin yerinə yetirilməsi ilə əlaqədar olaraq milli tədbirlər; 
• Müqavilə çərçivəsində beynəlxalq elmi əməkdaşlığın təkmilləşdirilməsi.

Bu seminar müvəffəqiyyətlə təşkil edildi. Seminar Təşkilatın İcraçı Katibi cənab V.Hoffmann tərəfindən açıq elan edildi. 

 

Son yenilənmə tarixi: 06.06.2013