Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına İraq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 9 mart 2010-cu il.
SƏYAHƏT XƏBƏRDARLIĞI

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi
Ş.Qurbanov küç. 4

İRAQ

09 mart 2010-cu il 
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına İraq Respublikasında baş verən terror hadisələri və silahlı toqquşmalarla bağlı xəbərdarlıq edir.
 
İraq Respublikası ərazisində əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da ölkə ərazisinə səyahət etmək hələ də təhlükəlidir. Xüsusilə, Bağdad və onun şimal hissələrindən Mosul və Kərkükə qədər olan ərazilərə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Bunlardan başqa Bəsrə, Maysan, Əl Anbar, Salah Əd Din, Diyala, Vasit, Babil, Nineva, Əl Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Di Qar əyalətlərinə edilən səyahətlər də təhlükəlidir.
 
İraq ərazisində İraq Təhlükəsizlik qüvvələri və müxtəlif silahlı qruplaşmalar arasında hər gün toqquşmaların baş verməsi və xarici ölkə vətəndaşlarına qarşı seçimsiz hücumların olması halları müşahidə olunur. Belə ki, 28 yanvar 2010-cu ildə İraq Respublikasında zəvvarları aparan avtomobilə atəş açılması nəticəsində bir Azərbaycan vətəndaşı həlak olmuş, ikisi isə yaralanmışdır.
 
Ölkə ərazisində insanların girov götürülməsi və oğurlanması halları, eyni zamanda nəqliyyat vasitələrinə, insanların öz bədənlərinə və insanların sayının çox olduğu yerlərə yerləşdirilmiş partlayıcı maddələrin partladılması nəticəsində minlərlə insanın ölməsi və yaralanması faktları mövcuddur.
 
Avtomobillə edilən səyahətlər də olduqca təhlükəlidir. Xüsusilə Bağdad şəhəri və Bağdad Beynəlxalq Hava Limanı arasındakı yollarda tez-tez avtomobillərə hücumlar baş verir.    
 
İraq hökuməti İranla sərhəd olan Kella, Saranban-Qolle, Tayvella və Pərviz Xan sərhəd nöqtələrini bağlamışdır. Küveytlə sərhəd məntəqələri olan Abdali və Safvan məntəqələri də qeyri-müəyyən müddətə bağlanmışdır.
 
Bunları nəzərə alaraq İraq Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.
 
İraq Respublikasında daimi və müvəqqəti yaşayan, olan Azərbaycan Respublikasının vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Əmman şəhərində yerləşən Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Diqqət: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə təhlükəsindən kənar deyil.
 
Ünvan:
 
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyi
 
Al-Kursi, Al-Awabed Str., Bldg № 13., P.O.Box 851894,  Amman 11185
Tel: + 962 (6) 593 55 25; + 962 (6) 593 32 31
Faks: + 962 (6) 593 28 26
E-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır  
Veb: www.azembassyjo.org
 
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
 
Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01  

e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır