Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri

 Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi

Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoymuşdur. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir.
 
TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
 
TƏS-ə əsasən, AR ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.
 
Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasəti çərçivəsində
 
Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olmuşdur.
 
AQS ölkəmiz üçün aşağıdakı imkanlar yaratmışdır:
 
- siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı;
 
- vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak;
 
- Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s.
 
Həmçinin, AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan Respublikası, üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Aİ proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim etmişdir. Bu kontekstdə, xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində  Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi(TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar qeyd oluna bilər.
 
AQS-in mərkəzi elementi isə Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. AQS Strategiya Sənədinə əsasən, Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət Planlarıdır. 3-5 illik müddət üçün nəzərdə tutulan bu sənədlər hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınaraq hazırlanmışdır.
 
Azərbaycan Respublikası – Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı ilin tarixində Brüsseldə AR-Aİ Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Beləliklə, daha əvvəl TƏS ilə tənzimlənən AR–Aİ münasibətlərinin gələcək inkişafının istiqamətləri AQS çərçivəsində AR-Aİ Fəaliyyət Planı ilə müəyyən olunmuşdur.
  
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq
 
AR ilə Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” AR və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.
  
Avropa İttifaqının Azərbaycan Respublikasına yardımları
1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Aİ Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olmuşdur. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.
 
1 yanvar 2007-ci il tarixindən etibarən TACİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunmuşdur. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA AQS Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir. AQTA 3 başlıca strateji məqsədi ehtiva edir: demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı.
 
AQTA çərçivəsində 2007-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə Strategiya Sənədi Aİ yardım məqsədlərini və siyasət məsuliyyətini əks etdirərək prioritet olan əməkdaşlıq sahələrini dəqiqləşdirir. Bu prioritetlər Azərbaycanın bazar iqtisadiyyatına və demokratik idarəetmənin təşviqinə yardım, Fəaliyyət Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir.
  
Azərbaycan Respublikasının Avropa İttifaqının nəqliyyat və enerji sahələrində təşəbbüslərində iştirakı
 
• TRACECA
«Yeni İpək Yolu» adlandırılan TRACECA  proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Brüsseldə 3 may 1993-cü il tarixində keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəqliyyat nazirlərinin Konfransında təsis olunmuşdur. Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.
 
8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü və Aİ-nin TRACECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfrans keçirilmişdir. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri olmuşdur.
 
• INOGATE
INOGATE (Avropaya dövlətlərarası neft və qazın ixracı) Aİ-nin yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional təşəbbüslərdən biridir. 1999-cu ilin iyul ayında 15 dövlətin (Azərbaycan Respublikası da daxil olmaqla) iştirakı ilə imzalanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Çərçivə Sazişi INOGATE-in hüquqi bünövrəsini təşkil edir.
 
INOGATE çərçivəsində həyata keçirilən texniki əməkdaşlığa əlavə olaraq, Aİ zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təminatını və tranzit potensialını səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində AQS-a daxil olan ölkələr daxil olmaqla bütün maraqlı tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir. Bu əməkdaşlıq “Bakı Prosesi”; təşəbbüsü ilə güclənmişdir. “Bakı Prosesi” (və ya Bakı Təşəbbüsü) 13 noyabr 2004-cü ildə Bakıda Enerji Nazirliklərinin Konfransında Aİ, Qara Dəniz və Xəzər dəniz hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində başladılmışdır.
  
Azərbaycan Respublikasının Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakı
 
Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.
 
3 dekabr 2008-ci il tarixində ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd AK tərəfindən Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət Başçılarının Şurasına təqdim olunmuşdur. Bu iki sənəd ŞT-yə dair AK-nın mövqeyi və təkliflərini əks etdirərək, AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmişdir.
 
7 may 2009-cu il tarixində Praqada ŞT üzrə Zirvə görüşü keçirilmişdir. Zirvə  görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin  gələcək əməkdaşlıq prosesinin ümumi cizgiləri müəyyən edən Birgə Bəyannamə  qəbul edilmiş və bununla da ŞT-yə yüksək rəsmi səviyyədə başlanğıc verilmişdir.
 
ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində
mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, Assosiasiya Sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.
 
ŞT həmçinin Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərə yeni format əlavə etmişdir. Çoxtərəfli format tərəfdaş ölkələr arasında əlaqələri təşviq edərək, islahatlar sahəsində tərəfdaş ölkələrin həyata keçirdikləri tədbirlər üzrə məlumat və təcrübə mübadiləsinin və ŞT-nin gələcək inkişafına dair müzakirələrin aparılması üçün forum kimi nəzərdə tutulur. Bu format çərçivəsində ŞT-yə daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir görüşünün, hər il Aİ üzv dövlətlərinin və Şərq tərəfdaş ölkələrinin Xarici İşlər Nazirlərinin illik iclasının keçirilməsi nəzərdə tutulur. Əməkdaşlığın əsas sahələrinə uyğun olaraq dörd tematik platforma (demokratiya, yaxşı idarəçilik və sabitlik; iqtisadi inteqrasiya və Aİ siyasətlərinə yaxınlaşma; enerji təhlükəsizliyi; insanlar arasında təmaslar) yaradılmışdır.
  
Azərbaycan və Avropa İttifaqı arasında insan hüquqları və demokratikləşdirmə sahəsində əməkdaşlıq
 
12 sentyabr, 2007-ci il – Bakıda Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin səkkizinci iclası keçirilmişdir.
 
28 sentyabr, 2007-ci il - Bakıda Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin səkkizinci iclası keçirilmişdir.
 
16 oktyabr, 2007-ci il - Lüksemburqda Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının səkkizinci iclası keçirilmişdir.
 
20 iyun, 2008-ci il - Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin doqquzuncu iclası keçirilmişdir.
 
6-7 oktyabr, 2008-ci il - Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin doqquzuncu iclası keçirilmişdir.
 
25 sentyabr, 2009-cu il - Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin onuncu iclası keçirilmişdir.
 
26 oktyabr, 2009-cu il – Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının onuncu iclası keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri E.Məmmədyarov rəhbərlik etmişdir.
 
23-24 noyabr, 2009-cu il - Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) nümayəndə heyəti Azərbaycanda səfər etmişdir. Səfərin məqsədi AİSK-in “Cənubi Qafqaz ölkələri – Ermənistan, Azərbaycan və Gürcüstanda vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planlarının həyata keçirilməsinə cəlb edilməsi” adlı Rəyinin Azərbaycan Hökuməti və vətəndaş cəmiyyəti təşkilatlarına təqdim edilməsindən ibarət olmuşdur.
 
2-3 dekabr, 2009-cu il - Brüsseldə Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin 10-cu iclası keçirilmişdir.
 
16 dekabr, 2009-cu il - Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə yeni alt-komitənin yaradılmasına hazırlıq məqsədilə ilk texniki görüş keçirilmişdir.
 
2009-cu il ərzində Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik” üzrə 1-ci və “insanlararası əlaqələr” üzrə 4-cü platformaların işində fəal iştirak edilmişdir.
 

Azərbaycanın Avropa Parlamenti ilə münasibətlərində 2014-cü ilin 18 sentyabr tarixində sözügedən təşkilat tərəfindən ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair qərəzli qətnamənin qəbulundan sonra soyuqluq müşahidə olunmağa başlanmışdır.

2015-ci ilin 23-26 fevral tarixində Avropa İttifaqının İnsan Hüquqları üzrə Xüsusi Nümayəndəsi Stavros Lambrinidis Azərbaycana səfər etmiş, dövlət başçısı və bir sıra dövlət qurumlarında görüşlər keçirmişdir.

2015-ci ilin mayında Hərtərəfli İnstitutsional Quruculuq Proqramının Azərbaycanda qanunun aliliyi, insan hüquqları, yerdəyişmə və miqrasiya sahələrində dövlət qurumlarının imkanlarının artırılması adlı 2-ci İnstitutsional İslahat Planı çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi Avropa İttifaqı tərəfindən təqdim olunmuş “Azərbaycanda ədliyyə sisteminin inkişafına və məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” adlı “layihə texniki tapşırıq” sənədini təsdiqləmişdir.

2015-ci ilin iyun ayında ölkəmizdə keçirilmiş Avropa Oyunları ərəfəsində Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı aparılan qərəzli kampaniya kəskinləşmişdir. 2015-ci ilin 10 sentyabr tarixində sözügedən qurum ölkəmiz ilə bağlı növbəti qərəzli qətnamə edərək, münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərmişdir. Nəticədə Azərbaycan Respublikasının Milli Məclisi Avronest Parlament Assambleyasını tərk etmək haqqında qərar qəbul etmiş, eləcə də Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan yüksək səviyyəli səfəri təxirə salınmışdır.

2015-ci ilin 1 iyul tarixində keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığının Demokratiya, yaxşı idarəçilik və sabitlik  üzrə 1-ci platformasının 13-cü iclasında ölkəmiz platforma çərçivəsində Dövlət idarəçiliyi islahatı üzrə Panelinin 10-cu iclasının 2016-cı ildə Bakıda keçirilməsinə dair təşəbbüs irəli sürmüşdür.

2015-ci ilin avqust-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ilə birlikdə Milli Məclisə seçkilərdə namizədlərin qeydiyyat prosedurunun daha da gücləndirilməsi və seçkilərlə bağlı müraciətlərə baxılmasına dair genişmiqyaslı təlim və seminarlar təşkil etmişdir.

2015-ci ilin oktyabrında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Avropa İttifaqı Şərq Tərəfdaşlığının Polis Proqramına rəsmi olaraq qoşulmuşdur. Almaniya ilə birgə hazırlanmış Polis Proqramı üzrə fəaliyyət planı gələn ildən etibarən həyata keçirilməyə başlanacaqdır.