Kütləvi informasiya vasitələri

 

Milli qanunvericilik

Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.

Azərbaycan Respublikasının Konstitusiyası, 1998-ci ildə qəbul olunmuş “Məlumat Azadlığı haqqında” Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilmiş “Kütləvi informasiya vasitələri haqqında” Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunmuş “İnformasiyanın əldə edilməsi haqqında” Qanun ölkəmizdə söz və mətbuat azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edirlər.

Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. “Televiziya və radio yayımı haqqında” qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır. Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir. Şuranın 9 üzvündən 6-sı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Şura müvafiq qanuna uyğun olaraq, teleradio yayımı, yayım kanallarına lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdehdir. Qeyd olunmalıdır ki, yarandığı gündən Şura öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmişdir.

İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur. Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəməyə qədər həll etməkdən ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.

Həyata keçirilmiş monitorinqlər göstərmişdir ki, KİV-in iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilməsinə baxmayaraq, onların maddi-texniki bazalarının zəif olması aktual problemlərdəndir. Həmçinin KİV-də qanunvericiliyinin tələblərinin pozulması, vətəndaşların təhqir və şantaj edilməsi, onların şərəf və ləyaqətinin alçaldılması faktlarının mövcudluğu jurnalistlərin peşəkarlığının artırılması sahəsində əməli tədbirlər həyata keçirilməsini zərurətə çevirmişdir. Göstərilən problemləri aradan qaldırmaq və KİV-in müstəqilliyini inkişaf etdirmək məqsədilə 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. KİV-in inkişafına dövlət dəstəyinin əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-in müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirməkdir. Nəzərdə tutulmuşdur ki, Konsepsiyanın implementasiyası KİV-in iqtisadi müstəqilliyinin güclənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasına və hal-hazırda müşahidə olunan problemlərin aradan qalxmasına güclü təkan verəcək.

Eyni zamanda 2010-cu il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsi haqqında” fərman imzalanmışdır.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Sənəddə İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi,  dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Son illər ərzində diffamasiyanın cinayət tərkibli əməllər sırasından çıxarılması və “Diffamasiya haqqında qanun”un qəbul edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin diffamasiya ilə bağlı 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə moratorium qoyulmuşdur. 2011-ci il mayın 11-də ATƏT-in keçmiş Bakı Ofisi (2014-cü ilin yanvar ayından yeni mandata uyğun olaraq ATƏT-in Baklıda Layihə Əlaqələndiricisi) və Mətbuat Şurası tərəfindən keçirilmiş “Diffamasiyanın dekriminallaşdırılması” adlı konfransı olmuşdur. Ölkəmizdə diffamasiya haqqında qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyası tərəfindən yardımın göstərilməsi istənilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2014-cü il fevralın 21-də keçirilmiş Plenumu böhtana görə cinayət məsuliyyətinə istisna hallarda müraciət edilməsi və bununla bağlı qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təklif verilməsi ilə bağlı qərar qəbul etmişdir.

KİV və internet

Bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışdır. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaratmışdır. Azərbaycan dövləti hesab edir ki, kütləvi informasiya vasitələri vətəndaş cəmiyyətinin dinamik inkişafına mühüm təsirə malik güclü vasitədir. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-ə yaxın KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.

1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 9 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti  təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziyanın maddi-texniki təminatı və real  olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli  qərarına əsasən ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçid başa çatdırılmışdır.

Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artmışdır. Hazırda 23 mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olunmuşdur. Strategiya çərçivəsində “Elektron Azərbaycan - 2005-2008-ci illər” və “Elektron Azərbaycan - 2010-2012-ci illər”  dövlət proqramları qəbul olunmuş və icra edilmişdir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir. İnternet provayderinin sayı 40-a çatmışdır. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Son 5 ildə internet trafikinin giriş-çıxış həcmi  40 dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. Az. domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötmüşdür. Ölkədə 300 yüzə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və onların sayı durmadan artır.

2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin növləri 417-yə çatdırılmışdır.

Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan hökuməti bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Hökuməti Azərbaycan Respublikasında ifadə və informasiya azadlığının təmin edilməsi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və konstruktiv yanaşmaya əsaslanaraq, Avropa Şurası, BMT-nin İfadə Azadlığı üzrə Xüsusi Məruzəçisi, KİV azadlığı üzrə ATƏT nümayəndəsinin Ofisi və digər qurumlarla əməkdaşlığı davam etdirməyə hazırdır. Beynəlxalq təşkilatlar tərəfindən jurnalistlərin peşəkarlığının yüksəldilməsinə yardım, jurnalistika sahəsində özünütənzimləməyə dəstək, o cümlədən media strukturlarına köməklik, eləcə də ifadə və informasiya azadlığı sahələrində Avropa standartlarının tətbiqi istiqamətində məlumatlılıq səviyyəsinin artırılması Azərbaycan Hökuməti tərəfindən yüksək dəyərləndirilir.

2007-ci il aprelin 24-27-də BMT-nin ifadə azadlığı üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo Azərbaycanda səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş və bir sıra rəsmi görüşlər keçirmişdir. Səfərin nəticələrinə əsasən, o, 2008-ci ilin martında BMT-nin İnsan Hüquqları Şurasına hesabat təqdim etmişdir.

ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsi D.Miyatoviç 2011-ci il mayın 11-də “Diffamasiyanın dekriminallaşdırılması” adlı konfrans və 2012-ci il noyabrın 6-9-da Bakıda keçirilmiş “İnternet idarəçiliyi” Forumuna qatılmaq məqsədilə Azərbaycanda səfərdə olmuş və bir sıra rəsmilərlə görüşlər keçirmişdir.

2015-ci il 12-14 mart tarixlərində ABŞ-ın “Yayımçılar Direktorları Heyəti”nin Beynəlxalq Yayımlar Bürosunun direktor müavini Cefri Trimbl və “Azadlıq Radiosu”nun həm-direktoru Con Cambalvo Azərbaycanda səfərdə olmuşlar. Nümayəndə heyəti səfər zamanı bir sıra rəsmi görüşlər keçirmişdir.

 

Son yenilənmə tarixi: 07.12.2015