 |
| Diplomatik Nümayəndəliklər |
|
|
|
|
|
|
|
|
 |
1. Qədim Azərbaycan
Alimlər Azərbaycanın Qafqaz dağlarının ətəklərindən tutmuş Xəzər sahilləri
boyunca İran yaylasına qədər uzanan və Azərbaycan türkləri ilə məskunlaşmış bir
əraziyə daxil olduğunu hesab edirlər. Azərbaycan paleolit dövründən başlayaraq
ilk insan məskənlərindən biri olmuşdur. Əsasən əkinçilik və heyvandarlıqla
məşğul olan bu insanlar qeyd etdiyimiz ərazilərdə eramızdan əvvəl 7-6-cı
minilliklərdən etibarən yaşamışdır. Bu gün alimlər Qobustan qayaüstü rəsmlərini
eramızdan əvvəl VIII minilliyə aid edirlər.
1979-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər elan edən məşhur Norveç tədqiqatçısı Tur Heyerdal Xəzər sahillərini
sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan böyük bir
sivilizasiyanın beşiyi hesab etmişdir. Heyerdal öz ehtimallarının əsaslı
sübutunu təkcə Qobustandakı qamış qayıqları deyil, eyni təsvirlərin əsrlərlə
sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk olunması və
həmçinin orta əsrlərdə yazılmış saqalarda əks olunması ilə tapmışdır. Qobustan
qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki günəş təsvirləri qədim
Azərbaycanın insan məskənləri ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks
olunan Mesopotamiyanın Şumer Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani
sübutudur.
Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərində Azərbaycanda
ilk sinifli cəmiyyət yaranmağa başlayır. Bu cəmiyyətdə erkən şəhər
sivilizasiyasının və erkən dövlət qurumlarının əlamətləri özünü büruzə verir.
Elə bu zaman qədim Arattada erkən Kuti və Lullubi tayfa ittifaqları formalaşır.
Qədim mixi mənbələrə görə eramızdan əvvəl III minilliyin 1-ci yarısında Urmiya
gölünün cənub və cənub-şərq hövzəsinə qədər olan ərazidə ilk Azərbaycan dövləti
- Aratta yaranmışdır. Eramızdan əvvəl 2300-cü ildən etibarən Urmiya gölünün
cənub ərazisində ikinci qədim Azərbaycan dövləti - Lullubi yarandı. Eramızdan
əvvəl III minilliyin 2-ci yarısında Urmiya gölünün qərb və cənub-qərb hövzəsində
isə qədim Kuti dövləti yaranmışdır. Eramızdan əvvəl 2175-ci ildə Kutilər Şumer
və Akkadlara qalib gələrək onların üzərində 100 il hökmranlıq etmişlər.
Qədim Azərbaycan dövlətləri Şumer və Akkadlarla siyasi, iqtisadi və mədəni
əlaqələr saxlayırdılar. Mesopotamiyada idarəçiliyi ələ almış qədim türk mənşəli
sülalələr burada böyük bir mədəniyyətin formalaşmasında fəal rol oynamışlar.
Qədim Azərbaycan ərazisində məskunlaşmış türkdilli xalqlar lap qədim dövrlərdən
bəri atəşpərəst olmuşlar. Onlar dünyanın ən qədim dinlərindən biri olan
Zərdüştlük dininə sitayiş edirdilər.
Eramızdan əvvəl IX əsrin ortaları – VII əsrlərdə Urmiya gölü ərazisində
idarəçiliyi digər qədim Azərbaycan dövləti - Manna ələ aldı. Eramızdan əvvəl
VII-VI əsrlərdə Azərbaycanın cənub-qərbində Kimmer-Skit-Sak şahlığı təşəkkül
tapmışdır. Eramızdan əvvəl VI əsrin əvvəllərində qədim Manna süquta yetirildi.
Eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində Azərbaycanın şimalında
cənub sərhədləri Araz çayı ilə hüdudlanan qədim Albaniya dövləti yarandı. Qədim Albaniya ərazisinə əksəriyyəti türk dilində danışan müxtəlif xalqlar daxil
idi.
Eramızdan əvvəl IV əsrdə Azərbaycanın cənubunda qədim Atropatena dövləti
yaranmışdır. Bu zaman Atropatena qədim ellinizmin böyük təsirinə məruz
qalmışdır.
313-cü ildən etibarən Albaniyada xristianlıq qəbul olunmağa başladı. I-IV
əsrlərdə bütün Qafqaz romalıların əsarəti altında qaldığı halda Albaniya öz
təhsili, dili, mədəniyyəti ilə inkişaf edən və siyasi cəhətdən müstəqil olaraq
qalmaqda davam edən yeganə dövlət idi. Alban kilsəsi digər xristian
kilsələrindən azad idi və Şimali Qafqazda və türkdilli xalqlar arasında
xristianlığı təbliğ edirdi.
2. Azərbaycan orta əsrlərdə
Ərəblərin müdaxiləsindən sonra Azərbaycanda İslam dini VIII əsrin əvvəllərindən
başlayaraq hakim dinə çevrildi. Albanların da əksəriyyəti İslamı qəbul etdi.
Yalnız xırda azlıqlar öz əvvəlki dinlərində qalmaqda idilər. Hələ Ərəb
işğalından az əvvəl Bizans imperiyasının Cənubi Qafqaza təsiri nəticəsində Alban
kilsəsi Gürcü kilsəsi ilə birlikdə diofizit nəzəriyyəsini qəbul etmişdir.
Bizanslıların Cənubi Qafqaza təsirini dəf etmək üçün Xilafət erməni kilsəsinin
köməyindən istifadə etməklə Alban kilsəsi üçün monofizit təmayülünü tətbiq
etməyə başladı. Bu məqsədlə Alban kilsəsi ermənilərin idarəçiliyinə verildi və
bununla da qədim Qarabağın dağlıq bölgələrində yaşayan albanların
tədricən qreqorianlaşdırılması üçün yol açıldı. Alban və Atropatena əhalisinin
vahid bir dövlətdə birgə yaşaması və eyni dinə etiqad etmələri Azərbaycan
xalqının daha da möhkəmlənməsinə gətirib çıxardı.
IX əsrin əvvəllərində Azərbaycanda Babəkin rəhbərliyi ilə Xürrəmilər hərəkatı
geniş vüsət almağa başladı. Bu hərəkatın əsasında azadlıq, müstəqillik, ümumi
bərabərlik ideyaları dururdu.
IX əsrdə yerli əhali tərəfindən Xilafət əleyhinə qaldırılan üsyanların ardınca
Azərbaycan ərazisində bir neçə yeni dövlət yarandı. Bunlardan ən güclüsü
paytaxtı Şamaxıda yerləşən və Məzyədilər sülaləsi tərəfindən idarə olunan
Şirvanşahlar dövləti idi. XVI əsrə qədər yaşayan bu dövlət orta əsr Azərbaycan
tarixində böyük rol oynamışdır. IX-XI əsrlərdə Azərbaycan ərazisində Sacilər,
Salarilər, Rəvvadilər (paytaxtları Marağa, Ərdəbil və Təbriz şəhərləri
olmuşdur), Şəddadilər (paytaxtı Gəncə şəhəri olmuşdur) kimi müstəqil dövlətlər
yaranmışdır. XI əsrin sonlarından etibarən Azərbaycanda idarəçiliyi Səlçuqilər
sülaləsi ələ almışdır. 1136-1225-ci illərdə Azərbaycanda hakimiyyətdə
Atabəylər-Eldəgizlər olmuşdur.
Selçuqilərin yerli əhali ilə eyni dinə (İslam), dilə (türk) və mənşəyə malik
olmaları Azərbaycan xalqının birləşməsi və möhkəmlənməsi üçün münbit şərait
yaratmış oldu. Bu dövr Azərbaycanın mədəniyyəti tarixində çiçəklənmə dövrü hesab
edilir. Məhz bu dövrdə Azərbaycan dünya tarixinə məşhur filosoflar, memarlar,
şairlər və alimlər bəxş etmişdir. Dünya mədəni irsinin böyük xəzinələrindən olan
şair, filosof Nizami Gəncəvinin (1141-1209) yaradıcılığı bu dövrdə Azərbaycanın
ictimai və mədəni şüurunda böyük irəliləyişə səbəb olmuşdur. XII-XIII əsrlər
Qarabağın dağlıq hissəsində Alban hökmdarları tərəfindən idarə olunan Xaçın
knyazlığının çiçəklənmə dövrü hesab edilir. 1215-1262-ci illərdə Həsən Cəlalın
hakimiyyəti Albaniyanın dirçəlişi dövrünə təsadüf edir. Bu dövrdə Qanzasar məbəd
kompleksinin tikilişi başa çatmışdır ki, onun da kafedral kilsəsi Alban
katolikosu tərəfindən xeyir-dua verilən erkən kilsənin mərkəzi olmalı idi.
XIII əsrin ortalarından etibarən Azərbaycan dövlətləri Monqol Hülakilər
sülaləsinin (1258-1356) vassalına çevrildilər. XIV əsrin ortalarında yerli
əhalinin işğalçılardan yaxa qurtarmaq məqsədi ilə qiyamlarından sonra Azərbaycan
zadəganlarının köməyi ilə yerli Cəlairi feodalları Azərbaycanda hakimiyyətə
gəldi və yeni Cəlairilər dövləti (1359-1410) yarandı.
XIV əsrin sonlarında etibarən Azərbaycan dəfələrlə Teymurilərin hücumlarına
məruz qalmış və onların Qızıl Orda ilə olan döyüşlərinin meydanına çevrilmişdir.
1410-1468-ci illərdə Azərbaycanda hakimiyyəti Qaraqoyunlular, 1468-1501-ci
illərdə isə Ağqoyunlular sülaləsi ələ almışdır. Bu dövrlərdə Azərbaycan daha da
güclənmişdir. 1501-ci ildə Azərbaycanda paytaxtı Təbriz şəhəri olan Səfəvilər
dövləti yarandı. Bu sülalənin hakimiyyəti altında tarixdə ilk dəfə olaraq bütün
Azərbaycan torpaqları birləşdirildi və vahid Səfəvilər dövləti yarandı.
Səfəvilər dövlətinin sərhədləri Amudərya çayından Fərat çayına, Dərbənddən Fars
körfəzi sahillərinə qədər uzanırdı. Sırf Azərbaycan dövləti kimi yaranan bu
siyasi qurumun rəhbərliyində Azərbaycanın feodal zadəganları dururdu. Bütün
rəhbər heyət: hərbi sərkərdələr, əyalət hakimlərinin hamısı Azərbaycan
zadəganlarından təyin olunurdu. Səfəvilər dövlətinin rəsmi dili Azərbaycan dili
idi. XVI əsrin sonlarında Səfəvilər dövlətinin paytaxtı İsfahana köçdü, onun
hökmdarının əsas dəstəkçisi isə fars zadəganları oldular. Azərbaycan zadəganları
tərəfindən idarə olunan bu dövlət daha çox farspərəst təmayüllü bir dövlətə
çevrildi.
3. Müstəqil Azərbaycan xanlıqları
Azərbaycanın İran və Rusiya arasında bölüşdürülməsi
XVIII əsrin ortalarında İran şahlarının Azərbaycan ərazisindəki hökmdarlığının
zəiflədiyi bir dövrdə, ölkə 20 xanlığa parçalandı. Bunlar Ərdəbil, Gəncə,
Dərbənd, İrəvan, Cavad, Qarabağ, Qaradağ, Xoy, Maku, Maraga, Naxçıvan, Quba,
Bakı, Sərab, Şirvan, Şəki, Təbriz, Talış və Urmiya xanlıqları idi. Bu
xanlıqlardan əlavə, Qazax, Səmşədil, İlisu, Ərəş və Qəbələ sultanlıqları da
yarandı. Müsəlman azərbaycanlıların və Xristian Albanların məskunlaşdığı Yuxarı
Qarabağ, Qarabağ xanlığının ayrılmaz bir hissəsi oldu. Qarabağ xanlığı Kür və
Araz çayları arasındakı ərazini əhatə edirdi. Bundan başqa, Qarabağın dağlıq
ərazilərində Dizag, Vərəndə, Xacın, Ciləberd və Gülüstan məliklikləri də
yarandı. Bu məlikliklər vassal qismində Qarabağ xanlığında asılı idilər.
XVIII əsrin sonunda və XIX əsrin əvvəllərində Azərbaycan uğrunda farslar, ruslar
və osmanlılar döyüşürdülər. Onların hər biri Azərbaycanın əlverişli geosiyasi
mövqeyindən istifadə etmək istəyirdilər. Xanlıqların bəziləri müstəqillik
uğrunda mübarizə aparsalar da digərləri öz maraqlarını qorumaq üçün vassal
olmaları ilə razılaşmışdılar.
1805-ci il mayın 14-də Kür çayının kənarında İbrahim Xəlil Xanın imzaladığı
sənəd əsasında müstəqil Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Bu sənəd
indiki dövrdə müəyyən əks-səda yaradıb. Belə ki, bu sənəd Qarabağ xanlıqlarının
tarixən Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut edir.
1804-1813-ci illərdə Azərbaycan xanlıqları uğrunda başlanan Rusiya-İran
müharibəsi Azərbaycan ərazisinin Rusiya və İran arasında bölüşdürülməsi ilə
nəticələndi. 1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında imzalanmış
Gülüstan müqaviləsinə əsasən, Naxçıvan və İrəvan xanlıqlarından başqa bütün
şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildi. İkinci Rusiya-İran
müharibəsi (1826-1828), 1828-ci il fevralın 10-da imzalanmış və Türkmənçay sülh
müqaviləsi ilə nəticələnmişdir. Bu müqavilə, İranın şimali Azərbaycana olan
iddialarından əl çəkdiyini təsdiqlədi, Naxçıvan və İrəvan xanlıqları isə
Rusiyaya birləşdirildi. Bununla sırf Azərbaycana məxsus qeyd olunan xanlıqlar,
Qarabağ xanlığı da daxil olmaqla Rusiyaya birləşdirilmişdir.
Xanlar özləri, torpaq sahibləri, və s. Azərbaycan əhalisinin və onların yüksək
təbəqəli feodallarının etnik tərkibi olublar.
4. Ermənilərin Azərbaycan ərazisinə köçürülməsi
Türkmənçay müqaviləsinin və 1829-cu ildə bağlanmış Ədirnə sülhünün şərtlərinə
görə İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Azərbaycan
ərazisinə, ilk növbədə Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisinə
köçürüldü.
Rusiya tarixçisi K.Şavrov qeyd edir ki, təkcə 1828-1830-cu illər ərzində 40 minə
yaxın İran və 84 minə yaxın Türkiyə ermənisi Cənubi Qafqaz ərazisinə köçürülüb.
Onlar erməni əhalisinin seyrək olduğu Yelizavetpol (Qarabağ) quberniyasının ən
əlverişli torpaqlarında yerləşib və 200 min desyatin (225 min hektar) dövlət
torpağı ilə təmin olunublar.
Öz qeydlərində, Rusiyalı diplomat və dramaturq Aleksandr Qriboyedov yazır ki,
“Ermənilər əsasən Məhəmmədilərin (müsəlmanların) torpaq sahələrində
məskunlaşıblar (...). Bu yeni sakinlər Məhəmmədiləri sıxışdırıb bu torpaqlardan
çıxarırlar (...). Biz müsəlmanlara da qayğı ilə yanaşmalıyıq və vəziyyətin
gərginləşməsinin qarşısını almaq məqsədi ilə ermənilərin onların doğma
torpaqlarının daimi mülkiyyətçisinə çevrilə biləcəyi ehtimallarını
seyrəltməliyik.”
Amerikalı akademik Castin Makkarti Ermənilərin Cənubi Qafqazda,
xüsusilə də Azərbaycanda məskunlaşması barəsində aşağıdakı faktlarını sadalayır.
1828-1920-ci illər ərzində Azərbaycanın demoqrafik tərkibini dəyişmək və
ermənilərin sayını artırmaq məqsədi ilə təxminən 2 milyon insan sürgün edilib və
ya öldürülüb. İki halda isə, 1828-ci və 1854-cü illərdə, çar Rusiyası şərqi
Anadoluya daxil olub və 100 min ermənini Qafqaza köçürdüb, onlar isə öz
növbəsində buradan köçürülən və ya öldürülən Türklərin, yəni azərbaycanlıların
torpaqlarını ələ keçiriblər.
1877-1878-ci illərdə Türkiyə ilə Rusiya müharibəsi nəticəsində Rusiya
Qars-Ərdəhanı ələ keçirərək buradan müsəlmanları köçürüb və 70 min ermənini
onların evlərində yerləşdirib. 1895-1896-cı illərdə isə 60 minə yaxın erməni
Rusiyanın nəzarəti altında olan Qafqazda məskunlaşdırılıb. Nəhayət, I Dünya
müharibəsi zamanı baş verən mühacirətlərin nəticəsində Qafqazda yaşayan 400 min
müsəlman şərqi Anadoludan köçürülən 400 min erməni ilə əvəz edilib.
Makkartinin məlumatına əsasən, 1828-1920-ci illər ərzində 560 minə
yaxın erməni Azərbaycanda məskunlaşıb. Başqa sözlə, rusların cənubi Qafqazı
işğal etməsindən sonra Arazdan şimaldakı Azərbaycan torpaqlarında erməni
əhalisinin sayı nəzərə çarpacaq şəkildə artıb.
Qarabağa gəldikdə isə, rəsmi məlumatlara əsasən 1810-cu ildə, yəni Qarabağ
xanlığının Rusiyaya birləşdirilməsindən bir müddət əvvəl Qarabağdakı 12000 evdən
9500-ü Azərbaycanlılara, 2500-ü isə ermənilərə məxsus idi. 1823-cü il
məlumatlarına əsasən, Qarabağda bir Şuşa şəhəri və 600-ə yaxın kənd var idi.
Onlardan 450-si Azərbaycan, 150-si isə erməni kəndi idi. Bu kəndlərin ümumi
əhalisi 90 min nəfərə bərabər idi. Şuşada Azərbaycanlılara məxsus
təsərrüfatların sayı 1048, ermənilərə isə 474-ə məxsus idi. kəndlərində isə bu
rəqəm 12902 və 4331-ə bərabər idi.
Çar I Nikolayın 1818-ci il martın 1-də imzaladığı fərmana əsasən
Naxçıvan və İrəvan xanlıqları ləğv olunur və onların əvəzində “Erməni vilayəti”
adlı yeni inzibati vahid yaradılır. Bu vilayətə Rusiyalı rəsmilər başçılıq
edirlər. 1849-cu ildə isə bu inzibati vahidin adı dəyişdirilərək İrəvan
quberniyası adlandırılır.
Öz məqsədlərinə çatmaq üçün Ermənilər çar Rusiyasını inandıraraq
Azərbaycana tabe olan Alban Xristian patriarxının ləğvinə, onun mülkünün isə
erməni kilsəsinə verilməsinə nail olurlar. Dövlət suverenitetini və etiqadlarını
itirən qədim Albaniyanın qərbində, yəni Qarabağda məskunlaşan yerli alban
əhalisi gürcüləşmə və erməniləşməyə məruz qalırlar. Ermənilərin bura axını isə
davam edir.
5. Azərbaycan XIX əsr və XX əsrin əvvəllərində
XIX əsrin ortalarından etibarən, şimali Azərbaycanda neft sənayesi çiçəklənməyə
başlayır. Dünyada birinci sənaye xarakterli neft quyusu 1848-ci ildə Bakıda
qazılıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan Rusiyada istehsal
olunan neftin 95%-nı və dünya neftinin 50 %-nı verirdi. Nobel və Rotşild
Azərbaycanda bu sahədə böyük mənfəət əldə edən neft maqnatlarından idilər. Nobel
ailəsinin var-dövləti əsasən Azərbaycan nefti sayəsində əldə olunub.
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərini Azərbaycan mədəniyyətinin
tərəqqi dövrü adlandırmaq olar. 1908-ci ildə, məşhur bəstəkar Üzeyir Hacıbəyov
müsəlman dünyasında ilk operanı - “Leyli və Məcnunu” yazdı. Ümumiyyətlə, ölkənin
musiqi mədəniyyəti o dərəcədə inkişaf etmişdi ki, Azərbaycan “Şərqin
konservatoriyası” və ya “Şərqin İtaliyası” adlandırılırdı.
Milli və mədəni oyanış digər sahələrdə də özünü büruzə verirdi. XIX əsrin
ortalarından etibarən milli maariflənmə ideyası yayılmağa başladı. Nəticədə,
1858-ci ildə Təbrizdə, Azərbaycanlı ziyalıların səyləri nəticəsində “Azərbaycan”
qəzeti çap olundu. Bu Azərbaycan dilində nəşr olunan ilk qəzet idi və uzun
illər müxtəlif adlar altında fəaliyyətini davam etdirmişdi.
1875-1877- ci illərdə Şimali Azərbaycanda, ziyalı Həsən bəy Zərdabinin
rəhbərliyi altında “Əkinçi” qəzeti işıq üzü gördü. “Əkinçi” qəzetinin
nailiyyətlərindən ən əsasın milli dilin zənginləşdirilməsi və onun istifadəsinin
genişləndirilməsi olub.
Eyni zamanda, milli mədəni tərəqqinin inkişafına xidmət edən bir sıra məşhur
ədəbi xadimlər formalaşdı. Bunların arasında Mirzə Fətəli Axundovu, Mirzə
Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Firudin bəy Köçərlini,
Əhməd Cavadı xüsusi ilə qeyd etmək lazımdır. Rəssamlıq, memarlıq, teatr və
kinematoqrafiya sahələrində da buna bənzər irəliləyişlər müşahidə olunurdu.
Milli-mədəni oyanış həmçinin Azərbaycan cəmiyyətinin siyasi təşkilatlanmasına və
həmrəy olmasına ciddi təsir göstərdi. Rusiyada yaşayan azərbaycanlılar imperiya
tərkibindəki müsəlmanların hüquqlarının müdafiəsi hərəkatının ilk banilərindən
oldular. Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topçubaşov “İttifaqı
müslimin” (Müsəlmanların ittifaqı) təşkilatının banilərindən biri hesab olunur.
1905-ci ildə yaradılan bu qurumun məqsədi İmperiya ərazisində türk və
müsəlmanların maraqlarını təmsil etmək və müdafiə etmək olub. Ümumiyyətlə,
Azərbaycanı təmsil edən dövlət xadimləri bu hərəkatda fəal iştirak edərək Çar
Rusiyasının tərkibində müsəlmanlara bərabər hüquqların təmin olunması uğrunda
mübarizə aparıblar.
XX əsrdə baş qaldıran siyasi şüurdan danışarkən Əhməd bəy Ağa oğlunun və Əli bəy
Hüseynzadənin fəallığını xüsusi ilə qeyd etmək lazımdır. Bu xadimlər Azərbaycan
ideyasının formalaşmasına kömək etmiş, xalqın mənəvi müstəvidə həmrəy olmasına
nail olublar. Onlar müasir dünyanın dəyərlərinin türk və islam adətlərinə
uyğunlaşdırmağa çalışıblar.
XIX əsrin sonlarından XX əsrin birinci yarısına kimi cənubi Azərbaycanda da
siyasi fəallıq artmışdı. Azərbaycanın milli qəhrəmanları Səttar xan və Bağır
xanın rəhbərliyi altında baş qaldırmış və 1905-1911-ci illəri əhatə edən hərəkat
şah mütləqiyyətinin məhdudlaşdırılmasına qarşı yönəlmiş və Qacarlar sülaləsinin
hakimiyyəti dövründə İrana siyasi mədəniyyətin ənənələrini və demokratiya
quruculuğunun gətirilməsinə nail olmuşdur.
1905-1911-ci illərdə davam edən ictimai və siyasi proseslərin bilavasitə
nəticəsi kimi Təbrizdə 1920-cu ildə Şeyx Xiyabaninin hərəkatı formalaşdı.
Sonradan, 1945-ci ildə Cənubi Azərbaycanda parlamentin və hökumətin qurulması
Şah İranında yaşayan azərbaycanlıların siyasi mədəniyyətinin kifayət qədər
inkişaf etdiyini nümayiş etdirir. Ümumiyyətlə, XIX əsrin sonu və XX əsrin
birinci yarısında İranda baş verən demokratik proseslərin özəyi Cənubi
Azərbaycan hesab olunur.
6. Birinci Respublika: Azərbaycan Demokratik Respublikası (1918-1920)
Rusiyadakı 1917-ci il inqilabından sonra, çar imperiyasının zəifləməsi və
parçalanması prosesi sürətlənməyə başladı və Rusiyanın ucqar bölgələrində
müstəqil dövlətlər yaranmağa başladı. Belə ki, 1918-ci il mayın 28-də Cənubi
Qafqazın şərq hissəsində Azərbaycan Demokratik Respublikası elan olundu. Bu
İslam şərqində ilk parlamentli demokratiya idi və bu hadisə Azərbaycan
millətinin etnik mənşəyinin və dövlətçiliyinin formalaşmasında tarixi rol
oynadı. O dövrdə Azərbaycan fraksiyasının lideri Məmməd Əmin Rasul-zadə idi.
Azərbaycan Demokratik Respublikasının həm bir millət həm də dövlət kimi
çiçəklənməsində Azərbaycançılıq ideyasının əhəmiyyəti böyükdür. Bu ideya
müasirlik, İslam, turkçuluk prinsiplərini özündə birləşdirir və Azərbaycan
xalqının İslama və Türk mədəniyyətinə sadiq qalaraq, həmçinin özünəməxsus etnik
keyfiyyətlərini tərənnüm edərək tərəqqi etməsini tərənnüm edirdi.
Cəmi iki ilə kimi qısa bir müddətdə mövcud olmasına baxmayaraq, çoxpartiyalı
Azərbaycan parlamenti və koalisiya hökuməti dövlət quruculuğu, təhsil, ordunun
yaradılması, müstəqil maliyyə və iqtisadi sistemlərin inkişaf etdirilməsi
sahələrində bir sıra mühüm addımlar atmağa nail oldu və eyni zamanda beynəlxalq
ictimaiyyət tərəfindən tanındı. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransı
Versal Sülhü ilə Azərbaycan Respublikasını de fakto tanıdı.
1919-cu ilin sonunda və 1920-ci ilin əvvəllərində Azərbaycan Demokratik
Respublikasının, həm daxili, həm də xarici arenada vəziyyəti nəzərəçarpacaq
şəkildə pisləşdi. Ölkə Antanta, Rusiya və İran arasında mübarizə meydanına
çevrildi və bu ölkələrdən hər biri strateji cəhətdən əhəmiyyətli və neftlə
zəngin Azərbaycanda üstünlüyə malik olmağa çalışırdılar.
İSTİQLAL BƏYANNAMƏSİ
“1918-ci ilin mayın 28-də Tiflis şəhərində Həsən bəy Ağayev (sədr müavini),
Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy
Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu
Məmmədbəyov, Mehdibəy Hacınski, Ələsgərbəy Mahmudbəyov, Aslanbəy Qardaşov,
Sultan Məcid Qənizadə, Əkbərağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd
Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy
Şahtaxtinski, Fridun bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli,
Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanov
və Hacı Molla Axundzadənin iştirakı ilə Azərbaycan Milli Şurası Azərbaycan
istiqlalı haqqında aşağıdakı bəyannaməni elan edir:
Böyük Rusiya inqilabı gedişində Rusiyada dövlət orqanizminin ayrı-ayrı
hissələrinin dağılması və rus ordusunun Zaqafqaziyanı tərk etməsi ilə burada
yeni siyasi vəziyyət yarandı. Taleləri öz ixtiyarına buraxılmış Zaqafqaziya
xalqları Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar. Lakin
siyasi hadisələrin sonrakı gedişində gürcü xalqı Zaqafqaziya Federativ
Respublikasının tərkibindən çıxmağı və müstəqil Gürcüstan Demokratik
Respublikası yaratmağı münasib bildi. Rusiya və Osmanlı imperiyası arasındakı
müharibənin dayandırılması, eyni zamanda ölkə daxilindəki görünməmiş anarxiyanın
ləğvi ilə bağlı olan Azərbaycanın mövcud siyasi durumu Azərbaycan xalqlarını
düşdükləri ağır vəziyyətdən çıxartmaq üçün Şərqi və Cənubi Zaqafqaziyadan ibarət
olan Azərbaycanın öz dövlət orqanizmini yaratmaq zərurətini qəti surətdə tələb
edir. Buna görə də xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası
bildirir:
I. Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara
malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu
müstəqil dövlətdir.
II. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik
Respublikadır.
III. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu
xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.
IV. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində
milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asıb olmayaraq, bütün
vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar təmin edir.
V. Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün
millətlərə azad inkişafı üçün geniş imkanlar verir.
Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq
seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan
Müvəqqəti hökumət durur”.
7. İkinci Respublika: Azərbaycan Sovet Sosialist Respublikası
(1920-1991)
Rusiya Sovet Sosialist Federativ Respublikasının Bolşevik hökumətinin Azərbaycan
Demokratik Respublikasını tanımaq istəməməsi, XI Qızıl Ordunun 1920-ci ilin
yazında Azərbaycan Demokratik Respublikasının sərhədlərinə yerləşməsi,
Daşnaq-Sütunun Qarabağda və Zəngəzurdakı zorakılığı, ermənilərin və
bolşeviklərin dinc azərbaycanlı əhaliyə qarşı terrorları və ölkədə mövcud olan
sosial və iqtisadi böhranı və bu kimi amillər Azərbaycan Demokratik
Respublikasının tənəzzülü və 1920-ci ilin Aprelin 27 və 28-də 11-ci Qızıl Ordu
tərəfindən işğalı ilə nəticələndi. Qafqaz cəbhəsinin rəhbərliyinin 11-ci Ordunun
komandanlığına göndərdiyi teleqrafda deyilir ki, 1920-ci il Mayın 1-də RSFSR
qoşunlarına İran sərhədini keçməmək şərti ilə Rusiya ilə sərhəddə yerləşən
Azərbaycanın bütün ərazisinin işğalı əmri verilib.
Növbəti 70 il ərzində, sovet sosialist respublikaları ittifaqının tərkibində
olan Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələyə qədəm qoydu. Bu dövr
ərzində Azərbaycan ictimai, iqtisadi və mədəniyyət sahəsində ciddi irəliləyişlər
əldə etdi. Eyni zamanda, digər SSRİ ölkələrində olduğu kimi Azərbaycanda da
sovet dövrünün mənfi xüsusiyyətləri özünü büruzə verirdi.
İqtisadi cəhətdən, ölkə Sovet iqtisadiyyat üçün neft, xammal və kənd təssərüfatı
anbarına çevrildi. Mədəni sahədə, Latın əlifbasının kiril əlifbası ilə əvəz
olunması Azərbaycanın ədəbi və mədəni irsi ilə bağlarına ciddi zərbə vurdu.
Sovet rejimi Azərbaycan ziyalılarının milli mənsubiyyət və tarixi həqiqətləri
üzə çıxartmaq səylərini təqib edirdi.
Sovet ittifaqı dövründə, Zəngəzur, Göyçə, Naxçıvanın bir hissəsi və digər
rayonlar Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə, Azərbaycan
Demokratik Respublikası dövründə 114000 kvadrat kilometrə bərabər olan ərazi
1920-1921-ci illərdə 86,600 kvadrat kilometrə azaldıldı. Bundan başqa, 1923-cü
ilin iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ muxtar
vilayəti yaradılır. Bu qərar Dağlıq Qarabağın Azərbaycan ərazisindən ayrılması
istiqamətində atılmış birinci addım olur.
8. Üçüncü Respublika: Azərbaycan Respublikası
1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat qızğın
şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cı il
sentyabrın 23-də Suverenlik haqqında qərar qəbul edən Azərbaycan bu işdə Sovet
respublikaları arasında birincilərdən idi.
Bu hərəkatı yatırmaq məqsədilə Mixail Qorbaçovun başçılığı altında 1990-cı il
yanvarın 20-də sovet qoşunları Azərbaycana yeridildi. Onların törətdiyi
vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı.
Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. Bu
uğursuzluqlara baxmayaraq Azərbaycan xalqının vətənpərvər güvələrinin
müstəqillik uğrunda sönməz mübarizəsi 1991-ci il avqustun 31-də Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən Dövlət Müstəqilliyi bərpa edilməsi
haqqında Bəyannamənin qəbul olması ilə nəticələndi.
1991-ci ilin oktyabrın 18-də tamamlanmış Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi aktı müstəqil Azərbaycanın dövlətçiliyinin əsaslarını qoydu və onun
siyasi və iqtisadi strukturunun prinsiplərini müəyyən etdi. Bu aktla Azərbaycan
Respublikası 71 illik fasilədən sonra yenidən müstəqil bir dövlət oldu.
1992-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının və sonradan
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırılan Avropa
Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə (ATƏM) üzv oldu.
|
|